Pedaqoji Universitetdə Müstəqillik Günü qeyd edilib

26 May 2025 21:09 (UTC+04:00)

Mayın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 28 May – Müstəqillik Günü münasibətilə elmi-praktik konfrans keçirilib.

SİA xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib. Universitetin rektoru professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət milli dövlət quruculuğunun əsaslarını qoyub və xalqımızın müstəqil yaşamaq haqqını bütün dünyaya nümayiş etdirib. 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilib. Ulu Öndərin təşəbbüsü ilə 28 May rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlanıb. 2021-ci ildə isə Prezident İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalaması ilə bu günə yeni hüquqi-siyasi məzmun verilib və 28 May tarixi artıq Müstəqillik Günü adı ilə rəsmi şəkildə təsbit olunub. Rektor bildirib ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və xalqımız öz suverenliyini qürurla və əzmlə qoruyur. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər müstəqilliyimizin gücünü, xalq–ordu–dövlət birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirib. Bu Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəzin Türk tarixi bölməsinin müdiri dosent Dəyanət Musayev Azərbaycan Xalq Cümhuriyyəti dövrü və onun fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Məruzədə həmin dövrün milli dövlətçilik tarixində tutduğu yer, həyata keçirilən islahatlar və parlamentli idarə üsulu haqqında ətraflı məlumat verilib.

Tədbirin növbəti hissəsində ADPU-nun Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli “Mühacirət dövrü” haqqında məruzə ilə çıxış edib. Professor bildirib ki, 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra xaricə üz tutmuş ziyalılarımız istiqlal ideallarını yaşatmaq və dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm fəaliyyət göstəriblər. Professor çıxışında bu dövrü yalnız bir siyasi mübarizə deyil, eyni zamanda, mədəni və ideoloji davamlılıq mərhələsi kimi xarakterizə edib.

Konfrans təqdim edilən məruzələr ətrafında müzakirələrlə davam edib.