Ədəbiyyat İnstitutunda “Ədəbi Krakov - 2025” adlı beynəlxalq tədbir...

26 May 2025 20:10 (UTC+04:00)

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bakı Slavyan Universiteti, Azərbaycan-Polşa Beynəlxalq Elmi Mədəniyyət Mərkəzi və “NG Creators Club”un birgə təşkilatçılığı ilə “Ədəbi Krakov – 2025” adlı beynəlxalq ədəbi tədbir keçirilib.

SİA xəbər verir ki, bu barədə Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbir Polşanın Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunub. Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənli qeyd edib ki, bu toplantının əsas məqsədi Azərbaycan və Polşa ədəbiyyatları arasında mədəni və intellektual dialoqun genişləndirilməsi, gənclərin dünyagörüşünün zənginləşdirilməsidir. Təmsil etdiyi institutda dünya ədəbiyyatı, o cümlədən polyak ədəbiyyatı haqqında aparılan tədqiqatlara nəzər salan Mehman Həsənli tələbə mübadiləsi və ortaq layihələrin əhəmiyyətini də vurğulayıb.

Polşanın Azərbaycandakı səfiri Pavel Radomski tədbirin təşkili üçün təşəkkür edib, polyak ədəbiyyatına verilən dəyəri yüksək qiymətləndirib.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova, Bakı Slavyan Universitetinin polşalı müəllimi filologiya üzrə fəlsəfə doktoru Barbara Piontek, Polonya Polşa-Azərbaycan icmasının sədr müavini Aleksandr Bariseviç ədəbi əlaqələr sahəsində görülən işlərin nəticələrindən bəhs ediblər.

Sonda Bakı Slavyan Universitetinin esse üzrə müsabiqədə qalib gələn tələbələri təltif edilib, tələbələrin iştirakı ilə bədii kompozisiya nümayiş olunub.