FHN-in Akademiyasında 28 May – Müstəqillik Günü qeyd edilib

26 May 2025 18:28 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, Nazirliyin mətbaut xidmətindən verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.

Qeyd olunub ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğu diqqətə çatdırılıb.

Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə olunan uğurlardan və dövlət quruculuğu prosesində həyata keçirilən tədbirlərdən danışıb. O, müstəqillik illərində ölkəmizin keçdiyi inkişaf yolunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Ulu Öndərin mütərəqqi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafından, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən nüfuzlu ölkə kimi tanınmasından, hərtərəfli inkişaf strategiyasının təsirlərindən ətraflı bəhs edib.