Kim daha çox yaşayır – sarışınlar, yoxsa qaraşınlar..?

26 May 2025 21:03 (UTC+04:00)

...Deməli, Böyük Britaniya, Danimarka və İsveçrədən olan beynəlxalq alimlər qrupu insanların saç rəngi ilə onların ömrü arasında əlaqəni müəyyən ediblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bioloqlar 200 mindən çox insanın anket məlumatlarını və genomlarını təhlil ediblər.

Məlum olub ki, açıq saçlı insanlar yetkinlik dövrünü gec yaşayır. Onlar infarkt və insult, həmçinin 2-ci tip şəkərli diabetə daha az məruz qalırlar.

Müvafiq olaraq, insanın saçı nə qədər tünd olarsa, bədən bir o qədər tez "yetişir" və yetkinlik dövründə ürək-damar, eləcə də bəzi digər xəstəliklərin inkişaf riski bir o qədər çox olur.

Alimlər bu hadisəni yetkinlikdən məsul olan genlərin saç və dəri rənginə təsir edən genlərin yanında yerləşməsi və hipofiz vəzi vasitəsilə bağlana bilməsi ilə izah edirlər.

Beynin dibində yerləşən bu kiçik vəzi həm cinsi bezlərin inkişafını və fəaliyyətini tənzimləyən, həm də piqmentasiyaya təsir edən hormonları istehsal edir.

Nazlı Almuradova