"Türkdilli Dövlətlərin Zirvəsində Azərbaycan Prezidentinin çıxışı çoxistiqamətli mesajlarla xarakterikdir. Burada Azərbaycanın, türkdilli dövlətlərin və onların inteqrasiyasının daha da gücləndirilməsi baxımından mesajları maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, dünyada gedən proseslər nöqteyi-nəzərindən, Türk dövlətlərinin qarşısında dayanan vəzifələr baxımından mesajlar maraqlıdır: "Eyni zamanda dünyanın başqa təşkilatları ilə, xüsusilə də, Avropa ölkələri ilə əməkdaşlıq nöqteyi-nəzərindən Azərbaycanın və digər türkdilli ölkələrin potensiallarının təqdimatı baxımından maraqlı mesajlar var. Ən əhəmiyyətlisi isə bu gün Azərbaycanın Türk inteqrasiyasında, Mərkəzi Asiya və Avropanın əməkdaşlığının daha da gücləndirilməsində, əməkdaşlıq körpülərinin gücləndirilməsində Azərbaycanın imkanlarının və siyasətinin təqdimatı baxımından çox önəmli mesajlar verildi.
Azərbaycan Prezidenti bir daha ifadə etdi ki, Azərbaycan Avrasiya qitəsində bütöv bir ox boyunca sülh, əməkdaşlıq və təhlükəsizlik siyasəti aparır. Bu siyasətin ən mühüm hədəfləri Mərkəzi Asiyadan Avropaya qədər rəvan işləyən nəqliyyat-logistik xəttin daha da gücləndirilməsini təmin etməkdir. Eyni zamanda Orta Dəhlizin imkanlarını həm Türk dünyasının gücləndirilməsi, həm də bu bölgənin malik olduğu potensialların Avropa Birliyi ilə birləşdirilməsində nə qədər önəmli olduğunu göstərməkdir.
Eyni zamanda Azərbaycanın indiyə kimi regionumuzda və dünyada baş verən hadisələrdə nümayiş etdirdiyi siyasətin həm təhlükəsizlik baxımından, həm də Avrasiya kontinentinin inkişafı və burada əməkdaşlığın gücləndirilməsi baxımından nə qədər önəmli olduğu ortaya qoyuldu.
Türkdilli dövlətlərin bu gün daha əlbir və daha koordinasiyalı siyasət aparmasının vacib olduğunu göstərmək baxımından Azərbaycan Prezidentinin çıxışında daha çox maraqlı və cəlbedici məqamlar var. Eyni zamanda türkdilli ölkələrin bu gün məruz qaldıqları kənar təzyiqlər və basqıların da qarşısında nələrin edilməsinin vacib olmasına da bu çıxışda diqqət yetirilir. Türkdilli Dövlətlər Təşkilatının inkişafının uzun və maraqlı proses olduğunu bu məruzədə bir daha görmək mümkün oldu. Eyni zamanda Türkdilli Dövlətlər Təşkilatının daha da mütəşəkkil quruma çevrilməsində indiyə qədər görülən işlər və bu işlərdə Azərbaycanın payının xüsusi təqdimatı edildi. Eyni zamanda Türkdilli Dövlətlər Təşkilatının qeyri-rəsmi Zirvəsinin də artıq işlək formata çevrildiyi Azərbaycan Prezidenti tərəfindən ifadə edildi. Yaxın gələcəkdə Türkdilli Dövlətlər Təşkilatının növbəti Zirvəsində daha əhəmiyyətli və daha təsirli siyasi qərarların ola biləcəyi ilə bağlı da anonsları gördük. Bütün bunlar Azərbaycan Prezidentinin Türkdilli Dövlətlər Təşkilatının daha güclü siyasi təşkilata çevrilməsində ardıcıl iradə sahibi olduğunu göstərir. Həm də onu ifadə edir ki, Azərbaycan rəhbərliyi Türkdilli Dövlətlər Təşkilatının daha da güclənməsində bu ölkələrin vahid iradə nümayiş etdirməsinin nə qədər vacib olduğuna sadiqdir.
Türkdilli Dövlətlər Təşkilatının iqtisadi, ticarət, investisiya, turizm və sair yönlərdə malik olduğu potensialların daha da geniş şəkildə üzə çıxarılması bu təşkilatın gələcəyinə önəmli təsir göstərən məsələlərdən biridir".
"Türk Dövlətləri Təşkilatının Budapeşt Zirvəsində Azərbaycan Prezidentinin çıxışı eyni zamanda bu tədbirə ev sahibliyi edən Macarıstanın bu gün apardığı siyasətə dəstək baxımından da maraqlıdır. Çünki Macarıstanın Avropanın ortasında böyük basqı altında olduğunu biz görürük. Amma İlham Əliyevin də məruzəsində açıq-aşkar ifadə olunduğu kimi Macarıstan bu basqılara əsasən özünün müstəqil və dövlət maraqlarına söykənən siyasəti üzündən məruz qalır. Əlbəttə, bu müdafiənin ifadə olunması həm Macarıstanın apardığı siyasətə daha çox inandırmaqda güclü faktor kimi əhəmiyyətlidir. Eyni zamanda bu gün Türk dövlətlərinin nə qədər çətin olsa da, daha çox müstəqil siyasət aparmağa məhkum olduqlarına çağırışdır. Bu da tarixi əhəmiyyət kəsb edir" - deyə o, əlavə edib.