Heyvanlarda qan testlərinin aparılması xəstəliklərin diaqnozu üçün ən vacib üsullardan biridir. Artıq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında hematoloji və biokimyəvi qan analizlərinin aparılması mümkündür. SİA xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hematoloji testlər vasitəsilə qanda hemoqlobinin səviyyəsini, həmçinin qırmızı qan hüceyrələrinin, leykositlərin, trombositlərin sayını təyin etmək mümkündür. Biokimyəvi qan testləri isə heyvanın daxili orqanlarının vəziyyətini qymətləndirməyə və nəzarətdə saxlamağa imkan verir.
Testlərin təyin edilməsində analizatorlardan istifadə olunması nəticələrin qısa müddət ərzində açıqlanmasına kömək edəcək. Qan testləri heyvan xəstəliklərinin başlanğıc mərhələdə aşkarlanması, baytar həkimlər tərəfindən müalicənin daha təsirli və sürətli aparılması üçün vacibdir.