Sosial şəbəkələrdə satılan yarımfabrikat qidalara nəzarət necə aparılır? - AİB SƏDRİ DANIŞDI

26 May 2025 12:41 (UTC+04:00)

"Müasir dövrdə ev şəraitində qida istehsalı və satışının geniş vüsət alması müşahidə olunur. Bu fəaliyyət növünə tortlar, müxtəlif çeşidli yarımfabrikat məhsullar və digər hazır yeməklərin hazırlanması və satışa çıxarılması daxildir. Ailə biznesinin bu forması, iqtisadi fəallığın artırılması baxımından müsbət hal sayılsa da, bəzi hallarda ciddi nəzarət boşluqları ilə müşayiət olunur". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov sözlərinə belə davam edib: "Qida təhlükəsizliyi baxımından hər hansı fiziki və ya hüquqi şəxs bu sahədə fəaliyyətə başladıqda ilk növbədə müvafiq dövlət orqanlarında, AQTA-da qeydiyyatdan keçməli və agentlik tərəfindən təqdim olunan maarifləndirici və texniki dəstək mexanizmlərindən faydalanmalıdır. Bu proses, həm qanuni əsasda fəaliyyətin təşkili, həm də məhsulların təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.

Təəssüf ki, hazırda bu prosesə əməl etməyən, qeyri-rəsmi şəkildə fəaliyyət göstərən və antisanitar şəraitdə qida məhsulları hazırlayan şəxslərin sayı kifayət qədər çoxdur. Sosial media platformaları vasitəsilə bu cür məhsulların satışı geniş yayılmışdır. Lakin belə hallarda nə məhsulların istehsal prosesi, nə də onların keyfiyyəti dövlət qurumları tərəfindən monitorinq oluna bilir. Bu da öz növbəsində istehlakçıların sağlamlığı üçün ciddi risklər yaradır.

Mövcud vəziyyət onu deməyə əsas verir ki, vətəndaşlar təsadüfi mənbələrdən, xüsusilə də nəzarətsiz sosial media hesabları vasitəsilə təqdim edilən qida məhsullarını almamalıdırlar. Bu sahədə fəaliyyət göstərən şəxslər isə mövcud qanunvericiliyə uyğun olaraq qeydiyyatdan keçməli, vergi öhdəliklərini yerinə yetirməli və Qida Təhlükəsizliyi Agentliyi ilə sıx əməkdaşlıq etməlidirlər. Yalnız bu şəkildə həm istehlakçı hüquqları qoruna bilər, həm də ailə biznesləri qanuni və davamlı şəkildə fəaliyyət göstərə bilər".

Ayşən Vəli