"Ümumilikdə cəmiyyətdə o fikirlər var" - EKSPERT ŞƏRH ETDİ

26 May 2025 12:16 (UTC+04:00)

"25 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirildi. Hər imtahandan sonra sualların çətinliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, bəziləri sualların çətin olduğunu, bəziləri isə orta ağır və ya ümumiyyətlə çətin olmadığını, normal səviyyədə olduğunu bildirir: "Yəni bu məsələyə münasibət birmənalı deyil. Təbii ki, yaxşı nəticə əldə edə bilməyən bir abituriyent sualların çətin olduğunu deyə bilər. Amma ümumilikdə cəmiyyətdə bu mövzuda müxtəlif fikirlər mövcuddur. Mən bu suallarla tanış deyiləm və ona görə də onların nə dərəcədə çətin və ya asan olduğunu dəqiq deyə bilmərəm. Bu barədə daha dəqiq fikir bildirə biləcək şəxslər həmin suallarla tanış olanlardır. Dediyim kimi, çətin olduğunu deyənlər də var, asan və ya orta səviyyədə olduğunu bildirənlər də.

Qəbul imtahanlarında balların aşağı düşməsi mümkündürmü? Bu, yalnız bir proqnoz ola bilər. Mən düşünmürəm ki, ballarda ciddi eniş olacaq. Amma yenə də qeyd etmək lazımdır ki, bu, sadəcə bir ehtimaldır. İmtahanlar başa çatdıqdan və qəbul prosesi yekunlaşdıqdan sonra bu barədə daha dəqiq fikir bildirmək mümkün olacaq.

Mən düşünürəm ki, bu il sənəd verən abituriyentlərin sayı çox deyil və onların arasında rəqabət də güclü deyil. Rəqabətin səviyyəsi təxminən 2 nəfərin bir yer uğrunda mübarizəsi şəklindədir. Bu da yüksək rəqabət sayılmır. Rəqabət aşağı olduqda isə ballarda ciddi dəyişikliklər müşahidə olunmur.

Həmçinin plan yerlərinin artırılması və yeni universitetlərin fəaliyyətə başlaması da nəzərdə tutulur. Bütün bu amillər qəbul ballarına da müəyyən təsir göstərəcək. Hesab edirəm ki, artıq çox az vaxt qalıb və biz daha dəqiq, doğru məlumatları yalnız imtahan prosesi tam başa çatdıqdan və nəticələr açıqlanandan sonra verə bilərik".