Azərbaycan və Gürcüstan tarixən qonşu və dost ölkələr olub. Tale elə gətirib ki, biz müstəqil dövlətlərimizi də eyni vaxtda qurmuşuq. 1990-cı illərin əvvəlində isə igid övladlarımızın qanı bahasına müstəqilliyimizi bərpa etmişik. Bu bizim şanlı qəhrəmanlıq tariximizdir.
SİA-nın məlumatına görə, bu sözləri Acarıstan hökumətinin kənd təsərrüfatı naziri Zaza Şavadze söyləyib.
Nazir qeyd edib ki, 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan müstəqilliyini elan edib. Bu bizim xalqlarımıza azadlıq verdi. Biz indi də müstəqil ölkələrin azad vətəndaşlarıyıq. İgid oğul və qızlarımızın qanı bahasına əldə olunan müstəqillik heç zaman süquta uğramamalıdır. Biz bu tarixin əhəmiyyətini gənc nəsillərə çatdırmalıyıq.
“Çox şadam ki, Azərbaycanın Batumidəki Baş Konsulluğu Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar təşkil etdiyi tədbirə azərbaycanlı və gürcü tələbə və gəncləri, şagirdləri də dəvət edib. İnanıram ki, onlar özləri üçün düzgün nəticə çıxaracaqlar və müstəqilliyin necə çətin əldə olunduğunu və şirinliyini dərk edib yaşayacaqlar”, - deyə Zaza Şavadze vurğulayıb.
Nazir deyib: “İndiki nəsil də boş dayanmamalıdır. Hər şeyi gələcək nəsillərə miras qoymamalıyıq. Biz birlikdə Qafqazı inkişaf etdirməli, gücləndirməliyik. Bu bizim borcumuzdur”.