"Gün işığı orqanizmin immun müdafiəsini gücləndirir..."

25 May 2025 23:34 (UTC+04:00)

...Vaipapa Taumata Rau Universitetinin yeni zelandiyalı alimləri gün işığı ilə immunitet sisteminin işləməsi arasında əlaqə haqqında mühüm kəşf ediblər.

Məlum olub ki, təbii işıq immun hüceyrələrin infeksiyalara qarşı mübarizə qabiliyyətini artırır.

SİA-nın məlumatına görə, tədqiqat Science Immunology (SciImmun) elmi jurnalında dərc olunub.

Komanda, bədənin ən zəngin immun hüceyrələri olan neytrofillərin öz sirkadiyalı saatına sahib olduğunu müəyyən edib. Bu daxili "bioloji saat" günün başlanğıcı ilə hüceyrələrin qoruyucu funksiyalarını aktivləşdirir, onların bakteriyaları məhv etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Təcrübələr immun sistemi bir çox cəhətdən insanlarınkinə bənzəyən şəffaf zebra balığı üzərində aparılıb.

Tədqiqatın rəhbəri Kristofer Holl, “…İmmunitet reaksiyasının səhər saatlarında, bədənin ən aktiv olduğu və infeksiya ilə qarşılaşma ehtimalının daha yüksək olduğu vaxtlarda zirvəyə çatdığını müşahidə etdik”,- deyə bildirib. Kəşf insanların sirkadiyalı ritmləri pozulduqda infeksiyalara niyə daha həssas olduğunu izah etməyə kömək edir, həmçinin immun hüceyrələrinin sirkadiyalı ritmlərini hədəf alan dərmanların hazırlanması üçün yeni imkanlar yaradır.

Nazlı Almuradova