Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçirilib. SİA xəbər verir ki,Tədbirdə ölkənin müvafiq dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələri, AMEA, həmçinin Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.
Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi kimi bir çox elmtutumlu məsələlərin həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur-texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud problemlərin, imkanların və perspektivlərin müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir.
Tədbirin açılış mərasimində AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransın müvafiq sahədə aparılan tədqiqatlar, əldə olunan nailiyyətlər və mövcud problemlərin müzakirəsi, eləcə də yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Son zamanlar ölkəmizdə səhiyyə sahəsində rəqəmsallaşma prosesinin sürətlənməsi, rəqəmsal səhiyyə infrastrukturunun formalaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması rəqəmsal tibb problemlərinə həsr olunmuş konfransın keçirilməsinin zəruri edirdi”, - deyə alim bildirib.
IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söyləyən akademik R.Əliquliyev, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu nəzərə çatdırıb.
Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik R.Əliquliyev ölkəmizdə tibbi informatika, data elmləri, rəqəmsal səhiyyə, kibertəhlükəsizlik, rəqəmsal kriminalistika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini də önə çəkib.
AR səhiyyə nazirinin müavini. dosent Nadir Zeynalov konfrans iştirakçılarını Səhiyyə naziri Teymur Musayevin adından salamlayıb. Müasir dövrdə rəqəmsallaşmanın cəmiyyətin həyatının bütün sahələrinə nüfuz etdiyini qeyd edən dosent N.Zeynalov rəqəmsal həllərin tibb sahəsində sərhədsiz imkanlar açdığını və strateji əhəmiyyətə malik olduğunu, pasiyentlərə diaqnozun qoyulması, həkimə dəstək göstərilməsi və s. istiqamətlərdə geniş tətbiq olunduğunu vurğulayıb. Əlavə edib ki, rəqəmsal həllər, ekspert sistemləri müalicə üsulunun müəyyənləşdirilməsində yaranan çətinliklər zamanı bu sahədə toplanmış məlumatlardan istifadə etməklə həkimlərə qərarların qəbulu prosesində tövsiyələr verir.
Dosent N.Zeynalov ölkənin səhiyyə sistemində toplanan çoxsaylı, müxtəlif təyinatlı məlumatların Big Data əmələ gətirdiyini qeyd edərək bu resursların saxlanması, idarə olunması, konfedensiallığının təmin olunması və rəqəmsal şəkildə arxivləşdirilməsinin gələcək nəsillər üçün məlumat bazasının yaradılmasına imkan verdiyini diqqətə çatdırıb.
Hazırda Azərbaycanda bir çox sahələrdə rəqəmsal həllərin tətbiqi məsələlərinə böyük diqqətin ayrıldığını bildirən Nazir müavini xüsusən tibb sahəsində rəqəmsallaşmaya nail olmadan bir çox problemlərin həllinin mümkün olmadığını vurğulayıb.
Dosent N.Zeynalov həm tibb elmi, həm də informasiya texnologiyaları sahəsinin aktual elmi və praktiki problemlərinə həsr olunmuş konfransın tibb və İT sahəsinin alim və mütəxəssisləri üçün faydalı olacağına əminliyini ifadə edib, konfransın işinə uğurlar arzu edib.
AMEA-nın vitse-prezidenti, ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova çıxış edərək bu gün elm və texnologiyanın sürətli inkişafı ilə süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyini deyib, həmin texnologiyaların tibbdə tətbiqi ilə bağlı müxtəlif təcrübələrdən bəhs edib. Akademikin sözlərinə görə, rəqəmsal tibbin əsas hədəflərindən biri də süni intellektin, rəqəmsal texnologiyaların bioinformatika, genomika və molekulyar mühəndisliklə sintezi məsələlərinin həllinə nail olmaqdan ibarətdir.
“Ölkəmizdə pasiyentlərin həm genetik, həm də tibbi məlumatlarının toplandığı sistemin yaradılmasına böyük ehtiyac duyulur”, - deyən akademik İ.Hüseynova, bu kimi sistemin tətbiqinin pasiyentlərin sağlamlıq problemlərinin daha dəqiq və tez bir zamanda həll edilməsi, səhiyyənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə olunması üçün geniş imkanlar açdığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti rəqəmsal texnologiyaların tibbdə tətbiqinin etik və hüquqi məsələlərinə də toxunaraq ölkəmizdə hələ 1999-cu ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə UNESCO yanında Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsinin yaradılıdğını xatırladıb.
Akademik İ.Hüseynova son illər ETN və AMEA-ya daxil olan elmi müəssisə və təşkilatlarda rəqəmsal texnologiyalar, onların imkanlarının tədqiqi məsələlərinə böyük diqqətin ayrıldığını, çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib. “Bu gün elmi tədqiqat institutları, Səhiyyə Nazirliyinin elmi müəssisələri, eləcə də universitetlərin müvafiq kafedraları rəqəmsal texnologiyaların tibbdə tətbiqi istiqamətində analitik düşüncəyə malik kadrların yetişdirilməsi baxımından səylərini birləşdirməli, səmərəli fəaliyyət göstərməlidir”, - deyə AMEA-nın vitse-prezidenti vurğulayıb.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov dövlətin prioritetlərindən birinə çevrilmiş cəmiyyətinin rəqəmsallaşması məsələsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün rəqəmsal səhiyyənin vacib rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu vətəndaşların həyat keyfiyyətinin artmasına, həmçinin ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına təsir göstərən mühüm bir amil kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş müvafiq fərmanlarda öz əksini tapmışdır.
R.Hacıəlibəyovun sözlərinə görə, səhiyyədə idarəetmə effektivliyinin, həmçinin tibbi yardım keyfiyyətinin və əlçatanlığının artırılması məqsədlərinə nail olmaq üçün, müəyyən texnoloji həmlə və nəzərdə tutulmuş müddət ərzində irəliləyiş əldə etməyə imkan yaradan, son texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə səhiyyə proseslərinin mərhələli rəqəmsallaşmasına böyük tələbat vardır.
“Azərbaycanın artan regional rolu müvafiq dövlət orqanları qarşısında mövcud dinamikanın beynəlxalq reytinqlərdə əks olunması ilə bağlı əhəmiyyətli vəzifələr qoyur”, - deyə R.Hacıəlibəyov bildirib. Səhiyyə, elm, və texnoloji sahələrin nümayəndələrinin qarşılığı əlaqədə “Sağlam vətəndaş, sağlam cəmiyyət, güclü Azərbaycan” prinsipinə əsaslanaraq, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına və səhiyyə sisteminin davamlı inkişafının təmin edilməsinə öz töhfəsini verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən AR Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov rəqəmsal texnologiyaların artıq bir neçə ildir tibb təhsil sistemində geniş tətbiq olunmağa başladığını və əhəmiyyətli töhfələr verdiyini qeyd edib. O, tibb üzrə kadrların yetişdirilməsində çoxpilləli sistemin tətbiq olunduğunu bildirərək müasir informasiya texnologiyalarının cərrahi prosesləri vizuallaşdırmaq baxımından geniş imkanlar açdığını diqqətə çatdırıb. Süni intellektin təhlükələrindən danışan Rektor tibbdə rəqəmsal texnologiyaların tətbiqinin bir sıra peşələrin də sıradan çıxmasına səbəb ola biləcəyini də vurğulayıb. Qeyd edib ki, tibbdə tətbiq olunan müasir texnologiyaları sistemləşdirməklə və təhlükələri aradan qaldıraraq düzgün istiqamətləndirməklə yüksək nəticələr əldə etmək mümkündür: “Hesab edirəm ki, tibb təhsilində bu innovativ üsulların tətbiqi daha da dərinləşməli və bu texnologiyalar geniş istifadə olunmalıdır”.
Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru, professor Nazim Pənahovçıxış edərək tədbir iştirakçılarını universitetin rektoru, professor Gəray Gəraybəylinin adından salamlayıb. O, müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafının həyatın bütün sahələrinə, xüsusilə də səhiyyə sisteminə ciddi təsir göstərdiyini qeyd edib. Konfransın rəqəmsal tibbin aktual problemlərinin müzakirəsi və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətli platforma olduğunu diqqətə çatdırıb. Tibb Universitetinin rəqəmsal tibbin formalaşması istiqamətində müvafiq elmi qurumlarla əməkdaşlıq etməyə, birgə layihələr həyata keçirməyə hazır olduğunu qeyd edib.
Prorektor həmçinin Tibb Universitetində rəqəmsal texnologiyaların tədris prosesinə inteqrasiyası, tibb təhsilinin müasir çağırışlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Konfransda həmçinin Azərbaycan Texniki Universitetinin tədris işləri prorektoru, professor Nurəli Yusifbəyli, Milli Onkologiya Mərkəzinin molekulyar-bioloqu, tibb üzrə fəlsəfə doktoru Leylaxanım Məlikova, ETN Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış ediblər. Məruzəçilər konfransın rəqəmsal tibbin elmi-nəzəri və praktiki problemlərin həlli üçün yeni imkanların yaranması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək tədbirdə tibb sahəsində fəaliyyət göstərən alim və mütəxəssislərin süni intellekt, əşyaların İnterneti, big data, rəqəmsal əkiz, o cümlədən fərdi məlumatların qorunması ilə bağlı müasir çağırışları ehtiva edən mülahizələrini yüksək qiymətləndirib.
“Ölkəmizin səhiyyə informasiya fəzasının və tibbi verilənlərinin kibersuverenliyinin qorunması, həmçinin bir hədəf olaraq rəqəmsal platformada əhalinin sağlamlığı üzrə milli observatoriyanın yaradılması müasir dövrün tələbidir”, – deyən alim bu istiqamətdə İKT və tibb mütəxəssislərinin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
Akademik R.Əliquliyev həmçinin rəqəmsal səhiyyə sahəsində elmi-praktik fəaliyyətin koordinasiyasını təmin edə biləcək, mütəmadi fəaliyyət göstərən dialoq platformasının yaradılmasının zəruriliyini önə çəkib: “Bu, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri, problemləri və prioritetlərinin müəyyənləşdirilməsi, birgə araşdırmaların aparılması baxımından son dərəcə vacibdir”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək konfransda səsləndirilən fikirləri yüksək qiymətləndirib, çıxışlarda qeyd olunan məsələlərin bu istiqamətdə gələcək perspektivlərin müəyyənləşdirilməsinə əhəmiyyətli töhfələr verəcəyinə inamını ifadə edib. Rəqəmsal həllərin inkişaf etmiş müxtəlif ölkələrin səhiyyə sistemlərində, tibbi araşdırma proseslərində tətbiq olunması təcrübəsinə tez-tez rast gəlindiyini qeyd edərək milli səhiyyəmizin rəqəmsal əsaslarının yaradılması ilə bu istiqamətdə elmi tədqiqatların aparılmasına, statistik məlumatların toplanması və intellektual təhlilinə geniş imkanlar açılacağına əminliyini vurğulayıb.
Daha sonra konfrans işini “Rəqəmsal tibbin formalaşmasının elmi-nəzəri problemləri” və “Tibbdə rəqəmsal texnologiyaların tətbiqinin elmi-praktiki problemləri” adlı seksiya iclasları ilə davam etdirib.