UEFA-nın dəstəyi ilə Bakıda futbol festivalı keçirilib - FOTOLAR

25 May 2025 12:22 (UTC+04:00)

UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə 5-8 yaşlı qız futbolçular üçün “ASCO Arena”da “Playmakers” layihəsi çərçivəsində futbol festivalı keçirilib. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, festivalda Azərbaycan üzrə fəaliyyət göstərən 25 “Playmakers” mərkəzindən 80 qız və onların məşqçi-müəllimləri iştirak ediblər.

Tədbir zamanı təşkil edilən futbol oyunları və estafetlər qızlara həm bacarıqlarını göstərmək, həm də futbolu sevərək öyrənmək imkanı yaradıb. Onlar meydanda həm öyrənib, həm də əyləniblər.

“Playmakers” festivalı uşaqlar üçün yalnız futbol meydançasında deyil, eyni zamanda özünəinam, sosial bacarıq və dostluq əlaqələrinin qurulması üçün əhəmiyyətli mühit yaradıb. Müxtəlif mərkəzlərdən gələn iştirakçıların birlikdə oynamaları proqramın inklüziv və birləşdirici ruhunu əks etdirib. Tədbirin sonunda AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov tərəfindən bütün iştirakçılara xüsusi sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Playmakers” layihəsi UEFA və “Disney”in birgə əməkdaşlığı ilə hazırlanmış, 5–8 yaşlı qız uşaqları üçün nəzərdə tutulmuş unikal tədris və idman proqramıdır. Layihənin təşkilində əsas məqsəd uşaqlarda futbola maraq yaratmaq, onların özünəinamını artırmaq, komanda ruhunu və fiziki inkişafını dəstəkləməkdir. Məşqlər əyləncəli hekayələr və oyunlar əsasında keçirilir ki, bu da uşaqların futbola marağını artırır və onların erkən yaşdan bu idman növünə cəlb olunmasını asanlaşdırır. Layihə 2022-ci ildən etibarən AFFA-nın təşkilatçılığı ilə ölkə üzrə tətbiq olunur.

Hazırda proqram ölkənin müxtəlif regionlarını əhatə edir və qadın futbolunun inkişafı üçün strateji platformalardan biri hesab olunur.