"Atlantic Council": "Qızılın yeni geosiyasi rolu..."

26 May 2025 00:34 (UTC+04:00)

...Qızıla tələbat 2008-ci ildə və COVID-19 pandemiyası zamanı olduğu kimi artır.

SİA-nın məlumatına görə, "Atlantic Council" yazır.

Lakin bu gün vəziyyət fərqlidir: bahalaşmanı təkcə investorlar deyil, həm də maliyyə böhranlarının nəticələrindən qorunmaq üçün ölkələrin mərkəzi bankları gücləndirir. Dövlətlər və özəl qurumlar dollardan asılı olmayan qızıl-valyuta aktivləri və ödəniş sistemləri yaradırlar.

Bunlar təkcə iqtisadi diversifikasiya cəhdləri deyil; onlar ABŞ-ın maliyyə hegemonluğuna və sanksiya təzyiqi sisteminə birbaşa meydan oxuyurlar.

...Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra Qərb Rusiyanın 300 milyard dollara yaxın aktivini dondurdu. Lanta Bank və Vitabank da daxil olmaqla Rusiya bankları qızıl müqabilində BƏƏ və Türkiyədəki tərəfdaşlarından valyuta alıblar.

Bu sxemlər artıq 2023-cü ildə ABŞ və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Britaniya hətta məhdudiyyətlər xaricində qızıl ticarətinin riskləri ilə bağlı "qırmızı xəbərdarlıq" da verib.

Fiziki qızılla yanaşı, qızılla dəstəklənən kriptovalyutalar bazarı da sürətlə böyüyür.

Tether Gold (XAUT) və Paxos Gold kimi layihələr külçəni fiziki olaraq hərəkət etdirmədən qızılla dəstəklənən dəyəri saxlamağa və köçürməyə imkan verir.

Bu, onları sanksiyalardan yayınmaq üçün xüsusilə cəlbedici edir.

Qırğızıstanın Maliyyə Nazirliyi qızılla dəstəklənən, lakin dollara bağlanmış USDKG stabilkoininin satışa çıxarıldığını elan edib. 2024-cü ildə Bank Keremet Rusiya Promsvyazbankına qanunsuz əməliyyatlar aparmağa kömək etdiyinə görə artıq ABŞ sanksiyaları altında idi. Qırğızıstan indi qızıl və rəqəmsal aktivləri əhatə edən boz maliyyə sxemləri üçün mərkəzə çevrilə bilər.

Bu gün stabilkoinlər bütün qeyri-qanuni kriptovalyuta əməliyyatlarının 63 faizdə iştirak edir və sanksiyaya məruz qalan oyunçular üçün əlverişli alətə çevrilir.

Hətta ABŞ Senatı tərəfindən qəbul edilən və kriptovalyutaları tənzimləmək məqsədi daşıyan GENIUS qanun layihəsi ABŞ yurisdiksiyasından kənarda yerləşən Tether kimi xarici emitentlərə qarşı az müdafiə təmin edir.

Sanksiyaların qarşısını alan yeni sxemlərə qarşı çıxmaq üçün Qərb stabilkoinlərin, xüsusən fiziki qızılla dəstəklənən və ənənəvi bank sistemindən kənarda fəaliyyət göstərən stabilkoinlərin beynəlxalq tənzimlənməsini genişləndirməlidir.

Qızılın maliyyə aktivi kimi qaytarılması və rəqəmsal qızıl valyutalarının yüksəlişi qlobal iqtisadiyyatın dollar mərkəzli arxitekturasını sarsıdır.

Bu gün Birləşmiş Ştatlar və onun müttəfiqləri yeni reallığa uyğunlaşmaq, qanuni maliyyə sistemini qorumaq və sanksiyalar təzyiqinin effektivliyini saxlamaq üçün bütün resurslara malikdir.

Artıq bu istiqamətdə fəal iş aparılır və beynəlxalq ictimaiyyətin təkcə yeni risklərin öhdəsindən gəlmək üçün deyil, həm də gələcəyin şəffaf, dayanıqlı və təhlükəsiz maliyyə sisteminin əsaslarını gücləndirmək üçün hər cür şansı var.

Əli Babayev