II minifutbol üzrə Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ötən il təşkil edilən ilk Qərbi Azərbaycan Kubokunun uğurla başa çatdığını, bu il də turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, kubokda 18 rayon üzrə minifutbol komandaları formalaşdırılıb. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu təşəbbüsü irəli sürən icmaya təşəkkür edib. O, minifutbolun ölkəmizdə ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. Turnirin əhəmiyyətindən bəhs edən federasiya rəhbəri paytaxtla yanaşı bir sıra bölgələrdə də minifutbol meydançalarının olduğunu bildirib.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə belə yarışların mütəmadi olaraq təşkil edilməsinin sevindirici hal olduğunu söyləyib.
Azərbaycan minifutbol millisinin 2022-ci ildə Avropa çempionu tituluna sahib çıxdığını xatırladan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə bu idman növünə marağın böyük olduğunu qeyd edib. O, minifutbolda əldə edilən nailiyyətlərdə ölkə rəhbərliyinin misilsiz rolunu xüsusi vurğulayıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Qərbi Azərbaycan Kubokunun kütləviliyi ilə seçildiyini deyib. O, bu il komandalar arasında rəqabətin daha güclü olacağına inandığını bildirib.
Tədbirdə, həmçinin minifutbol üzrə Azərbaycan millisinin Bakıda keçirilən dünya çempionatında əldə etdiyi uğurlu nəticələrdən bəhs olunub, komandanın qələbələrinin davamlı olacağına inam ifadə edilib.
Rəsmi çıxışlardan sonra kubokda oyunların tərtibatı barədə məlumat verilib. Qeyd edilib ki, ümumilikdə 18 komanda kubok uğrunda mübarizə aparacaq. Komandalar A, B, C, D qrupu olaraq dörd hissəyə bölünüb və hər qrupdan bir kollektiv finalda mübarizəni davam etdirəcək.
Tərtibat barədə məlumat verildikdən sonra püşk atılıb və komandaların rəqibləri müəyyənləşib.
Turnir iyunun 1-dən 26-dək gerçəkləşəcək.