Ötən gün, 23 may 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalının sonoloqu Günay Əhmədova Mərkəzi Gömrük Hospitalında “Qalxanvari vəzi patologiyalarında USM zamanı diqqət edilməsi vacib məqamlar” mövzusunda elmi-praktik seminarda təqdimatla çıxış edib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynov, Kardiologiya şöbəsinin kardioloqu Günay Məmmədova, Fizioterapiya şöbəsinin rəisi Səidə Kərimova, endokrinoloq Naidə Novruzova və həkim-rezidentlər iştirak ediblər.
SİA-nın məlumatına görə, seminarda Günay Əhmədova Ti-RADS dəyərləndirmə sistemi əsasında qalxanvari vəzi patologiyalarının USM zamanı qiymətləndirilməsi, yaxşı xassəli düyünlü zob, diffuz tiroid xəstəlikləri, follikulyar adenoma və follikulyar karsinoma, papilyar karsinoma, nadir rast gəlinən malign şişlər və digər patologiyalar üzrə ultrasəs müayinəsində diaqnostik yanaşmalar və klinik əhəmiyyət kəsb edən vacib məqamları ətraflı şəkildə izah edib. Seminar interaktiv şəkildə davam edib, rezidentlərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirici tədbirlər gənc tibb mütəxəssislərinin biliklərinin təkmilləşdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədi daşıyır. Davamlı elmi-praktik seminarlar, konfranslar və interaktiv təlimlər sayəsində həkim-rezidentlərin nəzəri bilikləri möhkəmləndirilir, praktik vərdişləri isə sistemli şəkildə inkişaf etdirilir. Bu yanaşma, onların gələcəkdə peşəkar və müstəqil həkim kimi formalaşmasında mühüm rol oynayır.