BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının illik iclası keçirilib - FOTO

24 May 2025 10:59 (UTC+04:00)

İndoneziyanın Bandunq şəhərində BMT-nin Qlobal Sazişi çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsindən ötrü “Kəmər və Yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət platformasının yüksəksəviyyəli idarəetmə komitəsinin illik iclası keçirilib. SİA xəbər verir ki, iclasda Bandunq Texnologiya İnstitutunun prorektoru İrvan Meylano, Çin-İndoneziya birgə araşdırma laboratoriyasının rəhbəri Su Kayhua, BMT-nin Çindəki rezident-əlaqələndiricisi Siddharta Çaterji, BMT-nin Qlobal Sazişinin idarə heyətinin üzvü, “Xiamen Airlines” şirkətinin sədri Cao Don, BMT-nin Qlobal Sazişinin Çin ofisinin rəhbəri xanım Men Li digərləri fəaliyyət platformasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün əməkdaşlıq platforması olduğunu bildiriblər.

“Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsindən ötrü “Kəmər və Yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət platformasının icrasına dair illik hesabat təqdim edilib, platformaya yeni qəbul olunan üzvlər elan olunub, yüksəksəviyyəli idarəetmə komitəsinin birgə bəyanatı təsdiqlənib.

Qeyd edək ki, BMT-nin Qlobal Sazişi biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır. Qlobal Saziş 167 ölkədən 25 mindən çox şirkəti və 3500 qeyri-biznes tərəfdaşını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. Təşəbbüs üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması, korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Azərbaycandan bir neçə şirkət və qurum, o cümlədən “Azərbaycan Dəmir Yolları” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC də BMT-nin Qlobal Sazişinə qoşulub.

“Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsindən ötrü “Kəmər və Yol” təşəbbüsü üçün dayanıqlı infrastruktur” fəaliyyət planı 2019-cu ildə Pekində keçirilmiş “Kəmər və Yol” 2-ci beynəlxalq əməkdaşlıq forumunda təxminən 40 ölkənin dövlət başçısının imzaladığı birgə bəyannamənin çağırışına cavab olaraq BMT-nin Qlobal Sazişi liderlərinin 2020-ci ildəki toplantısında təsis edilib. Platformanın yaradılmasında məqsəd BMT-nin Qlobal Sazişin 10 prinsiplərinə uyğun olaraq məsuliyyətli və davamlı fəaliyyət göstərmək üçün “Kəmər və Yol” infrastruktur layihələrində iştirak edən biznes tərəfdaşlarının potensialını gücləndirmək, dayanıqlılıqla bağlı əsas narahatlıqları həll etmək, məsuliyyətli biznes təcrübələri vasitəsilə “Kəmər və Yol” infrastruktur layihələrinin şəffaflığını, inklüzivliyini və davamlılığını artırmaq üçün layihə ölkələrində çoxtərəfli məsləhətləşmələr və siyasət dialoqu mexanizmlərini təkmilləşdirmək, Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsinə müsbət təsiri artırmaq üçün əsas infrastruktur sektorlarına qabaqcıl təcrübədən istifadə etməkdir.

Dünya Bankı, BMT və aparıcı beyin mərkəzləri tərəfindən açıqlanan hesabata əsasən, 169 Dayanıqlı İnkişaf Məqsədinin hədəfinin 72 faizinə “Kəmər və Yol” inkişaf planının əsas komponenti olan infrastruktur vasitəsilə nail olunacaq. Bununla belə, özəl sektorun qarşısında duran ən böyük problemlər onun dayanıqlılıq üzrə biliyi və potensialıdır. Fəaliyyət Platforması “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış şirkətləri cəlb etmək üçün əsas mexanizm rolunu oynayır.