14 qat dünya çempionu karyerasını bitirdi

24 May 2025 04:12 (UTC+04:00)

Dart idman növünün əfsanəsi Fil Teylor 64 yaşında karyerasını bitirdiyini açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə məlumat verib. “Son 40 ildə uzun və fantastik karyeradan sonra bu gündən etibarən dartdan təqaüdə çıxdığımı elan edirəm. Belə canlı və ehtiraslı bir cəmiyyətin bir hissəsi olmaq şərəf idi.

Bu inanılmaz yolda dəstəyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür etmək istərdim. Sizin ruhlandırmanız və həvəsiniz mənim uğurlarıma təkan verən qüvvə oldu. Təsəvvür etdiyimdən daha çox şey əldə etməyimə imkan verən bir səyahət idi”, – Fil bildirib.

O, sonuncu dəfə 2018-ci ildə peşəkar matçda iştirak edib, lakin fəal qalıb və müntəzəm olaraq sərgi və ya xeyriyyə oyunlarında çıxış edib.

Karyerası ərzində çoxsaylı kuboklar qazanıb. O, 14 dəfə dünya çempionu olub, 19 dəfə finala yüksəlib. Dörd dəfə Dünya Kubokunun qalibi olub (turnir yalnız 2010-cu ildən keçirilib).

Fil təkcə mükafatlardan 7,5 milyon funt-sterlinq qazanıb.