Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirilib - FOTOLAR

23 May 2025 10:09 (UTC+04:00)

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, yaradılan İşçi qrupunun ilk iclası keçirilib.

İşçi qrupuna Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti nümayəndələri daxildir.

Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov vurğulayıb ki, müasir dövrdə səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi tibbi xidmətlərin əlçatanlığını artırmaq, regionlararası bərabərsizliyi minimuma endirmək və xidmət keyfiyyətini yüksəltmək baxımından strateji əhəmiyyət daşıyır. “Tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması bu gün səhiyyəmizin əsas prioritetlərindəndir”,– deyə Rüfət Hacıəlibəyov bildirib.

Qeyd olunub ki, tibb xidmətlərinin əsasən paytaxtda cəmləşdirilməsi bölgə əhalisinin tibb xidmətlərinə çıxışını çətinləşdirir. Bu, həm maliyyə, həm də zaman baxımından əlavə yük yaradır, xəstəxanalarda növbələrin uzanmasına, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Teletibb isə bu problemlərin həllində mühüm vasitə kimi çıxış edəcək.

Bununla yanaşı, Nazirlər Kabinetinə təqdim edilməsi üçün teletibb xidmətlərinin təşkili və tətbiqi ilə bağlı qərar layihəsinin hazırlanmasının da vacibliyi qeyd edilib.