"Uşaqlara istədiyimiz, kimdəsə görüb bəyəndiyimiz, bədənin görünməli olmayan hissələri görünən açıq-saçıq paltarları alıb geyindirməklə, bəli, onlara təzyiq göstəririk. Çünki uşaqlar azyaşlı olduğu üçün geyim seçimi valideynə məxsusdur". Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.
Onun sözlərinə görə, valideyn isə bu cür yanaşma ilə uşağının gələcəyi üçün heç də yaxşı vəziyyət hazırlamır: "Çünki gözünü açıb bu cür geyindirildiyini görən uşaq sözsüz ki, böyüyəndə də elə geyimləri seçəcək. Bu isə hər kəs tərəfindən qəbul edilmir və yeniyetmə, gənclik çağlarında onların həyatında problemlər yarana bilər. Beləliklə, uşaqlara moda təzyiqi onlarda kompleks yox, gələcək üçün problem yaradır.
Uşaqlarda geyimlə bağlı kompleks o vaxt yarana bilər ki, onlara özündən böyük bacı-qardaşının, hansısa qohum uşağın paltarları geyindirilir və bu geyimlər onların əyninə dar, qısa gəlir. Uzun sürən belə hal uşaqlarda kompleks yaradır və onlar bu kompleksdən uzun illər çıxa bilmir".
O həmçinin bildirib ki, yeniyetmələr isə moda təzyiqini ətraflarında olan gənclərdən alır: "Əgər yeniyetmə qız özündən bir neçə yaş böyük gənc qızların geyindiyi açıq-saçıq, qısa paltarı görürsə və o da belə geyinmək istəyirsə, belə geyim isə ailəsi tərəfindən dəstəklənmirsə, bu, normal haldır. Bunu onun kompleks yaşaması kimi qəbul etməyək. Valideynlər yeniyetmələrə moda təzyiqi göstərmir, sadəcə geyimin vəziyyətinə nəzarət edir ki, bu daha da normal haldır.
Dəb ilə geyinmək hər kəsin haqqıdır, lakin dırnaqarası dəbin gətirdiyi sosial-mənəvi bəlaları da nəzərə alsaq, həm uşaqların, həm də yeniyetmələrin geyimini valideyn nəzarətdə saxlamalıdır. Çünki kiçik yaşlardan normal olan heç bir şey kompleksə səbəb ola bilməz"- deyə o əlavə edib.
Müəllif: Günel Fərzəliyeva