"Bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısını alacaq" - SİYAVUŞ NOVRUZOV

22 May 2025 15:34 (UTC+04:00)

Azərbaycanda yaradılması gözlənilən bələdiyyələrin vahid informasiya sistemi korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflıq və hesabatlılığın artırılmasına töhfə verəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov keçirdiyi videokonfrans formatında iclasda bildirib.

O xatırladıb ki, bununla bağlı Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur və müvafiq qanun layihəsi Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim olunub.

Deputat qeyd edib ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bələdiyyələrin vahid informasiya sisteminin yerli büdcə gəlirləri hesabına maliyyələşdirilməsi təklif edilir. Bu isə yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini qorumaqla yanaşı, resursların daha səmərəli istifadəsinə şərait yaradacaq. Qanun layihəsində təklif olunan digər mühüm yeniliklərdən biri də bələdiyyə bildirişlərinin elektron formada göndərilməsi ilə bağlıdır. Bu yanaşma vətəndaşlara daha əlçatan və operativ xidmət göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin rəqəmsallaşdırılması fonunda idarəetmənin sadələşdirilməsinə imkan yaradacaq.

S.Novruzov təklif olunan dəyişikliklərin adı çəkilən qanunlara da şamil olunmaqla, Milli Fəaliyyət Planında nəzərdə tutulan islahatların praktiki icrasına xidmət edəcəyini diqqətə çatdırıb.

Müzakirələrdə komitənin üzvləri Vasif Qafarov, Kamran Bayramov, Məzahir Əfəndiyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov, "Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası" İctimai Birliyinin sədri Təmraz Tağıyev, "Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyası" İctimai Birliyinin sədri Hümbət Hüseynov çıxış edərək qeyd və təkliflərini bildiriblər.

Müzakirələrin sonunda iclasda təqdim edilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, üzvləri Tahir Rzayev, Arzuxan Əli-zadə, Aydın Mirzəzadə, Elşən Musayev, Xanlar Fətiyev, bələdiyyə assosiasiyalarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.