"Bizə zərər sadəcə sevdiyimiz insanlardan gəlir" - PSİXOLOQ AÇIQLADI

22 May 2025 11:08 (UTC+04:00)

"Şəxsi sərhədlərin qorunması üçün müəyyən şərtlərə əməl olunmalıdır. Əgər fərd davamlı olaraq başqalarını məmnun etməyə çalışırsa, bu, onun şəxsi sərhədlərinin pozulmasına gətirib çıxarır. Belə şəraitdə insan sərhədlərini müəyyənləşdirməkdə və qorumaqda ciddi çətinliklər yaşayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, şəxsi sərhədləri qorumağın əsas şərtlərindən biri "yox" deməyi bacarmaqdır: "İkinci mühüm məqam isə fərdin nə istədiyini və nə istəmədiyini aydın şəkildə bilməsidir. Əgər insan öz istəklərindən xəbərdardırsa, sərhədlərini daha effektiv şəkildə qoruya bilər. Əks halda, sərhədlərin pozulması labüddür".

Gülnar Orucova qeyd edir ki, bəzi insanlar manipulyativ davranışlar sərgiləyərək başqalarını öz iradələrinə tabe etdirməyə çalışırlar: "Bu zaman manipulyasiyaya qarşı müqavimət göstərə bilməyən şəxslər öz sərhədlərini qoruya bilmirlər. Psixoloq bu vəziyyəti metaforik şəkildə belə izah edir: "Evin ətrafına çəkilmiş hasarı döymədən içəri girirlər. Halbuki bu düzgün deyil – qapını döyməli və dəvət olunduqda içəri daxil olunmalıdır". Bu metafora, şəxsi sərhədlərə hörmətin vacibliyini göstərir.

Həm dostluq, həm də romantik münasibətlərdə sərhədlərin pozulması halları tez-tez müşahidə olunur. Nəticədə, insanlar təhqir olunur, özünəinam və emosional bütövlük zədələnir. Psixoloq əlavə edir ki, fərdin istəmədiyi və ya onun üçün həssas olan mövzularda israrla danışmaq da sərhəd pozuntusudur. Belə hallarda şəxs "Bu mövzu barədə danışmaq istəmirəm" deyə bildirməyi bacarmalıdır".

Nəhayət, psixoloq şəxsi məlumatların və emosional təcrübələrin başqaları ilə bölüşülməsinin ehtiyatla yanaşılmalı bir məsələ olduğunu vurğulayır: “Şəxsi həyatınıza dair məsələləri, o cümlədən nələri sevdiyinizi, keçmiş travmalarınızı və problemlərinizi başqaları ilə paylaşmamalısınız. Çünki bu zaman qarşı tərəf sizin zəif nöqtələrinizi öyrənmiş olur və bu, sonradan emosional istismara səbəb ola bilər. Mən hər zaman deyirəm ki, insana ən çox zərəri yaxınları verə bilər”- deyə o əlavə edib.