ABŞ dövlət katibi Marko Rubio Qəzzada “müharibənin dayandırılması” istiqamətində tezliklə əhəmiyyətli irəliləyişlərin əldə oluna biləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ Nümayəndələr Palatasının Təxsisatlar Alt Komitəsində Dövlət Departamentinin 2026-cı il büdcə tələbi ilə bağlı dinləmələr zamanı deyib: “Mənim müəyyən nikbinliyim var ki, yaxın gələcəkdə müharibənin dayandırılması və məhbusların azad edilməsi istiqamətində mühüm irəliləyiş əldə oluna bilər”.
Rubio oxşar gözləntilərin əvvəllər də qaldırıldığını, lakin uğursuz olduğunu qeyd edərək deyib: "Son aylarda ən azı dörd dəfə bu ümidləri daşıdım, lakin hər dəfə onlar son anda birtəhər boşa çıxdı. Yenidən məyus olmaq istəmirəm. Bununla belə, hazırda daha çox humanitar yardım göstərmək və münaqişəni sona çatdırmaq üçün intensiv səylər var".
Vaşinqton rəhbərliyinin təkcə yaşayan məhbusların deyil, həyatını itirənlərin də ailələrinə qaytarılması üçün çalışdığını ifadə edən Rubio bildirib: "Məqsəd bütün məhbusların evlərinə qayıtmasını və həyatını itirənlərin ailələrinə qaytarılmasını təmin etməkdir ki, bu proses bağlansın. Biz də bu prosesə qətiyyətlə sadiqik".