“Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Baş naziri Viktor Orban ilə enerji və sülh mövzusunda verdiyi mesajları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm bir addım kimi qiymətləndirmək olar”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək məqsədilə səfər etdiyi Macarıstanda Baş nazir Viktor Orban ilə görüşmüş, TDT çərçivəsində baş tutan görüş zamanı enerji əməkdaşlığı və sülh prosesi məsələləri müzakirə edilmişdir. Bu görüş siyasi baxımdan əhəmiyyətli bir addım və diplomatik uğur kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında tarixi, coğrafi və siyasi baxımdan çoxsaylı oxşarlıqların olduğunu vurğulayaraq, iki ölkə arasında enerji sahəsində güclü əməkdaşlıqların mövcudluğunu qeyd etmişdir. O, bildirmişdir: "Macarıstan şirkətləri "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" kimi strateji enerji layihələrində pay sahibidirlər. Yaxın zamanda yeni bir müqavilə imzalanacaq. Ötən ildən etibarən biz Macarıstana təbii qaz ixracına başlamışıq. Macarıstanın ehtiyacı olan qaz həcmini təmin edə bilərik". Bu iki ölkənin tarixən yaxın əlaqələrə malik olması fonunda qurulan əməkdaşlıq nümunəvi bir tərəfdaşlıq olacaqdır.
Macarıstanın Baş naziri Viktor Orban isə Azərbaycanı bu çətin dövrdə strateji tərəfdaş kimi qiymətləndirərək demişdir: "Əgər Türk dövlətləri olmasaydı, bu gün macar xalqı enerjiyə 3-4 dəfə artıq pul ödəmək məcburiyyətində qalardı. Cənab Prezident İlham Əliyev bizi əmin etdi ki, ötən il olduğu kimi bu il də təbii qazın tədarükü fasiləsiz şəkildə davam edəcək””.
Ayşən Vəli