"Azərbaycan şokolad bazarının 70%-i xarici məhsullar tərəfindən tutulmuşdur" - AİD SƏDRİ

22 May 2025 10:23 (UTC+04:00)

"Hazırda Azərbaycan şokolad bazarının təqribən 70 faizi xarici məhsullar tərəfindən tutulmuşdur. Bu xarici məhsulların əsas hissəsi Rusiya, Ukrayna və Belarus mənşəlidir. Bu ölkələrdən gətirilən məhsulların bazarda yüksək paya malik olması, yerli istehsalçılar üçün ciddi rəqabət mühiti yaratmışdır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan daxilində isə beşə yaxın şokolad və şokolad tərkibli konfet istehsalçısı fəaliyyət göstərir: "Bu müəssisələrin bir qismi Lənkəran və Bakı şəhərlərində yerləşir. Onların arasında ən böyük və yüksək istehsal gücünə malik olanı "Ulduz" şokolad fabriki hesab olunur. Bundan əlavə, "Koroğlu", "Azərsun" və digər müəssisələr də bu sahədə fəaliyyət göstərir. Lakin "Ulduz" şokolad fabriki həm məhsul çeşidi, həm də istehsal həcminə görə digər müəssisələrdən əhəmiyyətli dərəcədə üstündür. Bu fabrik hazırda 20-dən çox ölkəyə məhsul ixrac edir və regional bazarda da tanınmış brend statusuna malikdir.

Lakin Azərbaycan bazarının bu qədər xarici məhsullara təslim olması yerli istehsalçılar üçün mənfi nəticələr doğurur. Azərbaycanın şokolad sənayesi hazırda ciddi iqtisadi və struktur problemlərlə üz-üzədir. Ölkənin şokolad bazarının təqribən 70 faizi xarici mənşəli məhsulların payına düşür. Bu məhsulların təxminən 50 faizi Rusiya istehsalıdır. Belə vəziyyət yerli istehsalçılar üçün qeyri-bərabər rəqabət mühiti formalaşdırır və onların bazarda mövqelərini zəiflətməklə, ümumilikdə milli qida sənayesinə mənfi təsir göstərir".

Sədr qeyd edir ki, son 18 ay ərzində dünya bazarında şokolad istehsalı üçün əsas xammal olan kakao məhsullarının qiyməti kəskin artmışdır. Belə ki, kakao birjasında qiymət 1 ton üçün 2000 ABŞ dollarından 11 000 ABŞ dollarına qədər yüksəlmişdir. Bu artım xüsusilə yerli istehsalçılar üçün ciddi çətinliklər yaradıb və istehsal xərclərinin kəskin artmasına səbəb olub. Belə bir şəraitdə yerli şokolad və şokolad tərkibli konfet istehsalı, maliyyə və texnoloji baxımdan daha çox risk altındadır.

Qeyd etmək lazımdır ki, plitə (yastı) formalı şokolad Azərbaycanda yalnız Azərsun korporasiyasına məxsus bir müəssisədə az miqdarda istehsal olunur. Digər yerli fabriklər bu məhsulun istehsalı ilə məşğul olmurlar. Bu isə daxili bazarda məhsul müxtəlifliyini məhdudlaşdırır və istehlakçını xarici məhsullara yönəldir.

Belə bir vəziyyət dövlətin proteksionist iqtisadi siyasət həyata keçirməsinin zəruriliyini ortaya qoyur. Yerli istehsalçının bazarda rəqabət qabiliyyətini qorumaq üçün gömrük rüsumlarının tənzimlənməsi, qiymət dəstəyi mexanizmləri, subsidiyalar və digər tənzimləyici alətlərlə müdafiəedici tədbirlər görülməlidir. Təəssüf ki, hazırkı mərhələdə bu istiqamətdə konkret və effektiv dövlət siyasəti müşahidə olunmur. Nəticədə yerli istehsalçılar bazarın əhəmiyyətli hissəsini itirmək təhlükəsi ilə qarşı-qarşıyadır.

Mövcud reallıqlar fonunda hökumət yerli istehsalın qorunması və inkişafı üçün strateji sənaye siyasəti formalaşdırmalı, həm istehsal həcminin artırılmasına, həm də məhsul çeşidlərinin genişləndirilməsinə yönəlik uzunmüddətli tədbirlər həyata keçirməlidir. Bu istiqamətdə, yəni gömrük və qiymət siyasəti Qazaxıstanda, həmçinin Qırğızıstanda həyata keçirilib".

Bununla yanaşı o qeyd edir ki, Azərbaycanda şokalad bazarı Rusiya və Belarusun keyfiyyətli olmayan məhsulları ilə zəbt olunub. Bu çox anormal vəziyyətdir: ""Ulduz" fabirikini Ərəb Əmirliyi və Dubayda daha çox tanıyırlar. Azərbaycanda nə qədər ki, bu sahədə inkişaf olmayacaq, o qədər də çöküş yaşayacaq. Xarici məhsullar isə bundan istifadə edib qiymətləri qaldıracaqlar"- deyə o əlavə edib.