Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib

22 May 2025 02:26 (UTC+04:00)

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) aidiyyətli milli idman federasiyaları ilə (MİF) birgə təşkilatçılığı ilə keçirilən təlim-məşq toplanışı (TMT) çərçivəsində maarifləndirici seminar təşkil edilib. MOK-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Atletlər Komissiyasının (AAK) da fəal iştirak etdiyi seminarın məqsədi idmançılara Olimpiya dəyərləri və “Təhlükəsiz İdman” mövzusu ilə bağlı ətraflı məlumat vermək olub.

Qeyd olunub ki, 6 idman növü üzrə 70-dən artıq yeniyetmə idmançının iştirak etdiyi seminar zamanı təqdim olunan əyləncəli və maarifləndirici oyunlar müxtəlif idman növlərini təmsil edən yeniyetmələr arasında ünsiyyətin güclənməsinə və dostluq əlaqələrinin formalaşmasına xidmət edir. AGOF-da iştirak edən komandalar ölkələrini təkcə yarışlarda deyil, həm də ölkələrarası əlaqələrin möhkəmləndirilməsinə xidmət edən ictimai-mədəni tədbirlərdə təmsil edirlər.

Skopye 2025 AGOF-un missiya rəhbəri, BOK-un “Təhlükəsiz idman” üzrə sertifikatlaşdırılmış inspektoru Vaqif Əliyev tədbirin əvvəlində iştirakçılara AGOF və seminar haqqında ətraflı məlumat verib. O, “Təhlükəsiz idman” mövzusunun son illərdə çox aktual olduğunu vurğulayıb və bu sahədə idmançı və məşqçilərin rolu, məsuliyyətləri barədə təqdimatla çıxış edib.

Daha sonra MOK-un əməkdaşları və AGOF-un sabiq, həmçinin hazırkı səfirləri Günay Salamova və Nərmin Kərimova iştirakçılara Olimpiya dəyərlərinin təbliği, komanda ruhunun formalaşması və “Təhlükəsiz idman” mövzusunda praktik biliklərin artırılması məqsədilə əyləncəli və maarifləndirici oyunlar təqdim ediblər.

Tədbirdə Atletlər Komissiyasının üzvləri, tanınmış idmançılar Rafiq Hüseynov, İradə Aşumova və Fəridə Əzizova ilə yeniyetmə idmançılar arasında qrup müzakirələri aparılıb.

Tədbirin sonunda çıxış edən Rafiq Hüseynov və MOK əməkdaşı Mehman Kərimov ölkəmizi AGOF-da təmsil edəcək gənc idmançılara uğurlar arzulayıblar.

Toplanışın əsas məqsədi yeniyetmə idmançıların Skopye 2025 XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına yüksək səviyyədə və hərtərəfli hazırlığını təmin etməkdir.

MOK-un aidiyyəti milli idman federasiyaları ilə təşkil etdiyi təlim-məşq toplanışı mayın 24-dək davam edəcək.