Ukraynada atəşkəs olmayacaq.!?

22 May 2025 00:16 (UTC+04:00)

...Ukraynada müharibə davam edir, atəşkəs perspektivi yoxdur. Putin, görünür, bu münaqişəni qeyri-müəyyən müddətə davam etdirməyə hazırdır.

SİA-nın məlumatına görə, bunu “Politico” yazır.

...Rusiyanın keçmiş mədəniyyət naziri və Putinin ən yaxın müşaviri Vladimir Medinski bu yaxınlarda bildirib ki, Rusiya Ukraynaya qalib gəlmək və ya təslim olmaq üçün nə qədər lazımdırsa, müharibə aparmağa hazırdır.

Maraqlıdır ki, nümunə olaraq o, Rusiyanın İsveçlə 21 il vuruşduğu Böyük Şimal Müharibəsini (1700-1721) göstərib. Medinskinin sözlərinə görə, atəşkəs bağlamaq cəhdlərinə baxmayaraq, Rusiya eyni yolla gedəcək.

Rusiyayönlü mövqeyi və QULAQ (İslah İş Düşərgələri Baş İdarəsi-A.B.) tarixçilərini tənqid etməsi ilə tanınan Medinski bu yaxınlarda İstanbul danışıqlarında Moskva nümayəndə heyətinə rəhbərlik edib.

Lakin bu danışıqlar sülhü daha da yaxınlaşdırmadı.

ABŞ prezidenti Donald Tramp vasitəçi roluna dair bəzi ümidlərə baxmayaraq, sülhü fəal şəkildə davam etdirməkdən faktiki olaraq imtina etdi.

Putinlə son telefon danışığında münaqişənin sona çatması istiqamətində heç bir irəliləyiş olmayıb.

Üstəlik, Tramp sülh danışıqlarının yalnız Rusiya və Ukrayna arasında aparıla biləcəyini bəyan edərək, münaqişəni “Avropa problemi” adlandırıb.

Oxşar bəyanatı ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib və o qeyd edib ki, sülh danışıqları nəticə verməsə, ABŞ prosesdən çəkiləcək. Bu münasibət yalnız Kremlin mövqeyini gücləndirir.

Rusiya hakimiyyəti yaxşı bilir ki, Tramp uzun danışıqlara marağını itirməyə meyllidir və bu, artıq onun Şimali Koreya lideri ilə münasibətlərində özünü büruzə verir.

...Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Rusiya danışıqlarda yalnız formal olaraq iştirak edir, vaxta oynayır və hələ ki, real sülh əhval-ruhiyyəsində deyil. Onun fikrincə, Putinin sözləri onun hərəkətlərindən daha dəyərli deyil - və onun hərəkətləri müharibəni bitirmək istəmədiyini göstərir.

Kreml əhəmiyyətli güzəştlər olmadan atəşkəsdən qəti şəkildə imtina edir - hər şeydən əvvəl Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsi, "geosiyasi neytrallıq" zəmanəti və Krımın eləcə də dörd şərq bölgəsinin ilhaqının tanınması...

Bu vəziyyətdə Ukrayna və onun prezidenti Vladimir Zelenski ciddi daxili böhran olmadan belə güzəştə gedə bilməz. Ukrayna ordusu və cəmiyyətinin dəstəyi həlledici amil olaraq qalır və Kremlə güzəştlər ölkədə geniş narazılığa və parçalanmaya səbəb olacaq.

...Rusiya bundan sui-istifadə edərək ABŞ və Qərbin münaqişədən yorulmasını və Putinin təzyiqini götürməsini gözləyir.

Bu yaxınlarda vəzifəsini tərk edən ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bridget Brink bildirib ki, Amerika siyasəti işğalçı Rusiyadan daha çox Ukraynaya təzyiq edir. Beynəlxalq ictimaiyyət Moskvaya ciddi təzyiq göstərməyə hazır olana qədər, Qərb ölkələri mövqelərini dəyişməyincə, Ukraynada müharibə davam edəcək - ola bilsin ki, bəlkə də onilliklərlə..?

Əli Babayev