Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomunun təqdimatı keçirilib. SİA xəbər verir ki, Prezident Kitabxanasının direktoru Afət Abbasovanın moderatorluğu ilə keçən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla bildirib ki, fotoalbom Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini və mədəni irsin dağıdılmasını sübut edən zəngin mənbədir və 30 illik işğal müddətində baş verənlər haqqında dolğun təssəvvürün yaradılmasında mühüm rol oynayır. O, nəşrin təkcə sənədli material deyil, həm də tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
BBMM-in İcraçı direktoru Rəvan Həsənov deyib ki, fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə tutulan nəşrdə Qarabağ ərazisində yerləşən, tarixin səssiz şahidləri olan, məhv edilən və dağıdılan mədəni irs nümunələrinin işğaldan əvvəlki və sonrakı fotoları yer alıb.
İcraçı direktor diqqətə çatdırıb ki, işğal zamanı təkcə islam dini abidələri deyil, Qafqaz Albaniyasına aid xristian abidələri də erməni vandalizminin və saxtakarlığının hədəfinə çevrilib. O vurğulayıb ki, tarix və mədəniyyət abidələrinin məqsədyönlü şəkildə məhv edilməsi, onların etnik, hətta dini mənşəyinin qəsdən saxtalaşdırılması və mənimsənilməsi beynəlxalq humanitar hüquqa, o cümlədən müvafiq beynəlxalq hüquqi sənədlərə ziddir və müharibə cinayətidir.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində illər ərzində təkcə infrastruktur yox, həm də mədəni və dini irsimiz sistemli şəkildə məhv edilib. “"Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mədəni və dini abidələrin məhv edilməsini sənədləşdirən mühüm bir layihədir. Qarabağ Dirçəliş Fondu bu kimi təşəbbüsləri dəstəkləyərək, dağıdılmış abidələrin bərpasına, həmçinin bölgənin bərpa və dirçəlişinə töhfə verməyə davam edəcək", - deyə o diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu qeyd edib ki, milli yaddaş üzərindən ərsəyə gətirilən hər bir iş bu istiqamətdə qazanılan uğurdur: “Belə layihələrin davamlı olması arzuolunandır. Mədəniyyət Nazirliyi bu layihələri dəstəkləməyə hər zaman hazırdır”.
Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının üzvü Elmira Axundova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin Katibliyinin baş məsləhətçisi Fərqan Abaszadə, Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəni, dini və tarixi irsə qarşı törədilmiş vandalizm aktlarının sənədləşdirilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıblar.