Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb

21 May 2025 13:03 (UTC+04:00)

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 21-də Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda ilə görüşüb. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə mayın 21-dən iyunun 1-nə qədər Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının əhəmiyyəti qeyd edilib.

Azərbaycanın beynəlxalq səviyyəli idman yarışlarına böyük uğurla ev sahibliyi etməsi xüsusi vurğulanaraq minifutbol üzrə dünya çempionatının da yüksək standartlara uyğun təşkil ediləcəyinə əminlik ifadə olunub.

İdmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyi bildirilib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə söhbət açılıb.

Söhbət zamanı ölkədə minifutbolun inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər təqdir edilib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib.