"Telefon oyunları robot kimi uşaqlar yetişdirir" - AYDINLIQ GƏTİRİLDİ

21 May 2025 12:35 (UTC+04:00)

"Uşaqlıq dövrünün əsas fəaliyyət növü oyun olduğu üçün uşaqlar ətraf aləmdəki prosesləri oyun vasitəsilə öyrənirlər". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, uşaqları oturacaqda oturdub saatlarla öyüd nəsihətlər vermək, təbii ki, bir fayda verməyəcək, əksinə onun daha tez diqqətini yayındırıb yoracaq: "Oyun terapiyası uşaqların diqqətini cəlb edir, həm də oyun vasitəsilə uşaqlar duyğularını rahat ifadə edirlər. Oyun terapiyası 5 yaşından da tez təşkil edilə bilər, amma əsasən 5 yaşından sonra daha çox istifadə edilir. Oyun prosesində rəngli qələmlərdən, plastilindən, kuklalardan və s. istifadə edilir. Həmçinin başqa uşaqlarla birgə mühitdə olmaları, oynamaları sosiallaşma baxımından da müsbət təsir edir. Eyni zamanda boşanma hallarında, travmadan sonrakı stress pozuntusunda, özgüvən əskikliyində, asosiallıq, diqqət əksikliyi və hiperaktivlik pozuntusunda, həyəcan təşviş pozuntusu problemlərində oyun terapiyasından uğurla istifadə edilir.

Telefon oyunları günümüzdə əksər uşaqların istifadə etdiyi oyun növüdür. Halbuki 3 yaşına qədər telefona baxmaq, telefon oyunlarından istifadə etmək psixoloqlar tərəfindən tövsiyə olunmur. Amma çox təəssüf ki, buna əməl edənlər daha azdır. Valideynlər əməl etməlidir ki, övladlara da nümunə olsunlar.

Telefon oyunları robot kimi uşaqlar yetişdirir. Hətta araşdırmalara görə uşaqların diqqətinin yayınmasına, onlarda aqressiv abu-hava yaranmasına səbəb olur. Eyni zamanda nitq problemlərini də ağırlaşdıra bilir. Nitq problemlərini yaratmır, amma nitqində problem olan, assosiallığı olan, autizm pozuntusu olan uşaqların vəziyyətini daha da çətinləşdirir. Bu o demək deyil ki, sağlamlığında problem olmayan uşaqlar daha çox baxmalıdır. Belə deyil, hər yaşa görə müəyyən edilən müddət var. Sadəcə sağlam uşaqlar da çox baxmamalıdır. Çünki onların baxdığı mövzu da önəmlidir. Aqressiv oyunlar uşaqları aqressivliyə yönləndirəcək. Hətta çox telefon oyunları oynayan uşaqlar yuxularında belə rahat olmurlar. Onların gün ərzindəki narahatlığı yuxularına da təsir edir".