"28 May Azərbaycan dövlətçilik tarixində mühüm əlamətdar bir gündür. Çünki XX əsrin əvvəllərində yeni dövlət formalarının, demokratik cümhuriyyətlərinin meydana gəldiyi bir dövrdə Azərbaycan xalqı dünyanın bir çox xalqlarından əvvəl demokratik respublika qurmağı bacardı. Bu, xalqımızın dövlət qurmaq bacarığının bariz göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti çıxışlarının birində qeyd etmişdi ki, xalqımız dövlət qurmaq istedadına malikdir: "Doğrudan da, XX əsrin əvvəllərində hüquqa söykənən, müstəqil və demokratik bir respublika qurmaq təkcə Şərq xalqları tarixində ilk hadisə deyil, eyni zamanda ümumbəşəri miqyasda da mühüm hadisə idi. O dövrdə Avropanın bir sıra xalqları hələ demokratik respublika qurmağı bacarmadığı halda, Azərbaycan xalqı bunu həyata keçirmişdir.
Şübhəsiz ki, bu gün müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyətinin varisi hesab edir. Yəni Ulu Öndərin dediyi kimi, "Xalq Cümhuriyyətinin demokratik dəyərləri bu gün ki, Azərbaycan Respublikasının dəyərləridir". Dövlətimizin inkişafı prosesində bir ardıcıllığı təmin edirik. Ona görə də Azərbaycanın müstəqillik günü tarixinində məhz 28 Maydan başlaması, həm siyasi, həm hüquqi, həm də tarixi yaddaş kontekstində mühüm hadisədir.
Çünki biz bu günü Müstəqillik Günü kimi qeyd etməklə, hüquqi varisi olduğumuz dövlətin ənənələrini və dəyərlərini qoruyur, onun ərazi bütövlüyünü və coğrafi əhatəliliyini təmin etməyə çalışırıq. Bu isə həm siyasi perspektiv, həm də milli maraqlarımızın təmin olunması baxımından olduqca vacibdir" - deyə o əlavə edib.