Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

21 May 2025 10:33 (UTC+04:00)

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:
• Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
• Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
• Qitələri əlaqələndirmək: Əməkdaşlıq və innovasiya imkanları