Bakıda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin təşkilatçılığı ilə AQEM-in Biznes Şurasının 8-ci Plenar İclası keçirilib. SİA xəbər verir ki, hibrid formatda təşkil olunan tədbirdə AQEM-ə üzv dövlətlərdən rəsmi şəxslər iştirak edib.
Tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, sərhədlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaqdır.
AQEM-in Biznes Şurasının Plenar İclasında KOB-ların inkişafını təşviq edən əsas məsələlər – KOB-ların rəqəmsallaşdırılması, sənaye əməkdaşlığı, qadın sahibkarlığı, “ağıllı şəhər” təşəbbüsləri və yaşıl transformasiya kimi mövzular üzrə müzakirələr aparılıb.
İclasda AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay, AQEM-in Biznes Şurasının sədri və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edib.Orxan Məmmədovun sözlərinə görə, Azərbaycanın sədrliyi çərçivəsində məqsədimiz Qazaxıstanın əvvəlki sədrliyi dövründə irəli sürülən təşəbbüslər əsasında inkişaf edərək bizneslərimizə real fayda verəcək praktik təşəbbüslərə diqqət yönəltməkdir: “Bu təşəbbüslərdən biri də CICA Katibliyi tərəfindən təqdim olunmuş “CICA KOS Bələdçisi” layihəsidir. Bu layihə sahibkarlığa başlamaq, maliyyəyə çıxış əldə etmək və yeni bazarlara daxil olmaqla bağlı praktik tövsiyələr təqdim edən dəyərli bir resursdur. Bələdçidə biznesin qeydiyyatı, normativ-hüquqi çərçivə, maliyyə və investisiya imkanları barədə əsas məlumatlar yer alır.
Eyni zamanda rəqəmsal transformasiya bizim sədrliyimizin əsas prioritetlərindəndir. İnanırıq ki, KOS-ların rəqəmsal alət və platformaları mənimsəməsinə dəstək onların əməliyyat səmərəliliyini artıracaq və eyni zamanda yeni bazarlara çıxışı asanlaşdıracaq. Bu məqsədlə biz rəqəmsal marketinq, e-ticarət və məlumatların idarə olunması üzrə təlim proqramları təşkil edirik ki, sahibkarlar bu alətləri öz biznes modellərinə inteqrasiya edə bilsinlər.
Bununla yanaşı, qadın sahibkarlığının inkişafı da diqqət mərkəzimizdədir. Qadınların rəhbərlik etdiyi bizneslərə dəstək göstərmək dayanıqlı iqtisadi inkişaf üçün mühüm əhəmiyyət daşıyır. Sədrliyimiz çərçivəsində qadın sahibkarlar üçün təlim, mentorluq və şəbəkələşmə imkanları yaradacaq xüsusi təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır” – deyə o əlavə edib.
Daha sonra AQEM-ə üzv dövlətlərin sənaye və ticarət palatalarının, investisiyaların təşviqi agentliklərinin, sahibkarlıqla bağlı təşkilatlarının nümayəndələri tərəfindən təqdimatlar keçirilib.
İclasda həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının qərarına əsasən 2024-2026-cı illərdə Müşavirəyə Azərbaycan sədrlik edir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik KOBİA tərəfindən həyata keçirilir.
Sonda isə AQEM-in Baş katibi, səfir Kayrat Sarıbay jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın sədrliyi altında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Asiyada əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq: “Tədbirə çoxlu sayda iştirakçıların gəlməyini, bu tədbirin yüksək səviyyədə təşkilini görmək çox xoşdur. Azərbaycanın sədrliyi parlaq başlayıb və yüksək məhsuldarlıq gözlənilir. AQFETM Asiyada əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi üzrə dayanıqlı inkişaf trayektoriyasına daxil olacaq.
Sarıbay eyni zamanda, Azərbaycanın qadınların həm cəmiyyətdə, həm də iqtisadiyyatda rolunun gücləndirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, AQFETM üçün aktual məsələdir”.