Çin orbital stansiyasında əvvəllər naməlum mikroorqanizm aşkar edilib...

21 May 2025 00:45 (UTC+04:00)

...Çin alimləri Tiyanqun kosmik stansiyasında yeni bakteriya ştammını aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə South China Morning Post məlumat yayıb.

Deməli Niallia tiangongensis adlandırılan mikroorqanizm yerüstü bakteriyanın əvvəllər məlum olmayan variantıdır və Çin orbital laboratoriyasında aşkar edilən ilk ştamdır. O, 2023-cü ilin may ayında Şençjou-15 ekipajının stansiyada olduğu müddətdə yığılıb.

...Yeni ştam kosmosun ekstremal şəraitinə uyğunlaşma qabiliyyətini göstərib - xüsusən də oksidləşdirici stresə, mikroqravitasiyaya və radiasiyaya məruz qaldıqdan sonra bərpa olunma qabiliyyətinə artan müqavimət nümayiş etdirib.

Onun uyğunlaşma mexanizmləri tibbdən kənd təsərrüfatına və kosmik sənayeyə qədər Yer üzündə praktik tətbiqlərə malik ola bilər.

Növün digər mühüm xüsusiyyəti onun müəyyən üzvi maddələri parçalamaq qabiliyyətidir. Bu, kosmos və yer tullantılarının faydalı resurslara davamlı çevrilməsi üçün perspektivlər açır ki, bu da qapalı ekosistemlərdə, məsələn, uzunmüddətli kosmik missiyalar zamanı və ya Yerdə təcrid olunmuş şəraitdə tətbiq oluna bilər.

Yeni mikrobun kəşfi uzunmüddətli missiyalar zamanı kosmik stansiyanın mühitinin mikrobiomuna nəzarət edən CHAMP tədqiqat proqramının bir hissəsidir.

Steril salfetlərdən istifadə etməklə modulların səthindən nümunələr toplanmış və Yer kürəsində sonrakı analiz üçün dondurulmuşdur.

Kəşf haqqında Şençjou Kosmik Biotexnologiya Qrupunun və Pekin Kosmik Gəmi Sistemləri Mühəndisliyi İnstitutunun tədqiqatçıları Beynəlxalq Sistematik və Təkamül Mikrobiologiya jurnalında məlumat veriblər.

Əli Babayev