Ağdamda humanitar minatəmizləmə fəaliyyətinin nəticələri açıqlanıb

20 May 2025 14:01 (UTC+04:00)

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir. SİA xəbər verir ki, bu çərçivədə növbəti mediatur Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Ağdam rayonuna təşkil edilib.

Məlum olduğu kimi, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Prezident İlham Əliyevin tapşırığı əsasında minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Mediatur çərçivəsində FHN tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMA tərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37 min 154 hektar ərazi təmizlənib, 31 min 500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.

Xatırladaq ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb.

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 min 321 ha ərazi təmizlənib, ümumilikdə 196 min 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137 min 422 ədədi PHS, 36 min 881 ədədi piyada əleyhinə minalar (PƏM), 21 min 753 ədədi isə tank əleyhinə minalardır (TƏM).

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək ümumilikdə 237 mina hadisəsi qeydə alınıb.

2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 394 nəfər mina qurbanı olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfəri həlak olub, 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü azyaşlı və gənc, 1-i qadın olmaqla, 210 nəfəri mülki şəxsdir, onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

1991-ci ildən bugünədək 3 min 400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.