Keşiş Moskva metrosunda Stalin barelyefinin bərpasını tənqid edir...

21 May 2025 00:34 (UTC+04:00)

...Əvvəla qeyd edək ki, SİA bununla bağlı bir neçə müddət əvvəl yazmışdı.

...Deməli, Rus Pravoslav Kilsəsinin Sinodal Missionerlik İdarəsinin rəhbəri, arxiyepiskop Savva (Tutunov) metronun “Taqanskaya Moskva” stansiyasında quraşdırılmış İosif Stalinin təsviri olan barelyefin bərpasını kəskin tənqid edib. SİA-nın məlumatına görə, arxiyepiskopun bəyanatı özünün Telegram kanalında dərc olunub.

Savvanın fikrincə, Stalinə abidənin qoyulması təkcə onun 1924-cü ildən xeyli əvvəl başlamış kütləvi terrorun təşkilində oynadığı rola görə deyil, həm kilsənin təqiblərinə məruz qalması, həm də İkinci Dünya Müharibəsi zamanı ölkəyə rəhbərlik etməsi nəzərə alınmaqla onun ölkə tarixindəki mübahisəli şəxsiyyətinə görə qəbuledilməzdir.

Arxiyepiskop qeyd edib ki, barelyef üslub baxımından pravoslav ikonostazını xatırladır, lakin onun mərkəzində Məsihin təsviri əvəzinə Stalin təsvir olunub. O, bunu ənənəvi xristian simvollarını əvəz etməyə çalışan sovet “müqəddəsliyi” nümunəsi adlandırıb.

Barelyefin kompozisiyası ənənəvi ikonostaz deisisini əks etdirir, burada Tanrı-insan obrazı adətən mərkəzdə yerləşir, yanlarda isə dua və göstəriş jestləri ilə ona tərəf dönən müqəddəslər var.

Belə olan halda Stalin mərkəzi fiqura çevrilib ki, bu da dini dairələrin hiddətinə səbəb olub.

Xatırladaq ki, ötən həftə Moskva metrosunun Taqanskaya stansiyasında “Xalqın Rəhbər-Komandirə minnətdarlığı” adlı barelyefin açılışı olub. Bu heykəltəraşlıq kompozisiya 1965-ci ilə qədər stansiyada yerləşən heykəltəraşlar Evgeniya Blinova və Pavel Balandin tərəfindən yaradılmış orijinalın dəqiq surətidir.

P.S: Onu kim demişdi, hə,..ruslar heç vaxt onları elə müzəffər yürüşdən (İkinci Dünya Müharibəsi nəzərdə tutulur-A.B.) qalib kimi çıxaranın başqa xalqın nümayəndəsi olduğunu qəbul etmək istəmirlər..?

Əli Babayev