İnzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) yeni yaradılacaq "İCMAL" informasiya sisteminə ötürülmə qaydası müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal "İCMAL" informasiya sisteminə ötürülür.
Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) "İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir.
Sənədə əsasən, səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri və ya bortkompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl "İCMAL" informasiya sisteminə ötürülür.
Qeyd edilib ki, "İCMAL" informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükden sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənir və ya nömrələnmiş blanklarda çap edilərək imzalanır.
Layihədə vurğulanıb ki, itirilmiş, zədələnmiş (korlanmış) blanklar, habelə unikal nömrə verildikdən sonra təsdiqlənməmiş və ya nömrələnmiş blanklarda çap edilməmiş sənədlər barədə məlumatlar dərhal, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq "İCMAL" informasiya sisteminə ötürülür.