“Çox böyük uşaq makrosomiya adlanır. Bu, 4000 qram, yəni 4 kq üstündə olarsa, böyük uşaq sayılır. Bunun ana tərəfindən də, uşaq tərəfindən də ziyanları var”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama ginekoloq Ləman Əliyeva deyib.
Ləman Əliyeva sözlərinə belə davam edib: “Ana tərəfdən, məsələn, normal doğuşu çətinləşdirir. Çox nadir hallarda belə doğuşları normal doğuş kimi həyata keçirirlər. Əsasən keysəriyyə əməliyyatı olur.
Əgər normal doğuş olsa belə, ananın zədə alması, aralığın cırılması ilə nəticələnə bilər. Doğuşdan sonra böyük uşaq olarsa, uşaqlıqda təbii ki, ölçüsü böyük olur. Uşaqlığın yığılmasında problemlər yaranır. Doğumdan sonrakı qanaxmalar baş verir. O doğuşun çətin keçməsi ilə bağlı anada psixoloji problemlər yarana bilir.
Döl tərəfindən də, yenə də doğuş yollarından keçən zaman, çətin doğuş zamanı uşaqda da problemlər baş verə bilər. Çiyinlərin distosiyası yəni baş doğulur, çiyin qalır, çıxartmaq çətin olur. Şəkərli diabetli analar əsasən böyük uşaqlar doğur ki, onlar daha sonra hipoglikemiya keçirirlər. Gələcəkdə belə uşaqlarda artıq çəki və metabolik sindrom olur. Və “kök uşaq sağlam uşaqdır” deyimi düzgün deyil. Yanlışdır. Uşağın köklüyü və ya arıqlığı ilə deyil, sağlamlıq vəziyyəti ilə düzgün qiymətləndirmək lazımdır”.
Ayşən Vəli