"İnanc hər zaman var və var olacaqdır" - AYDINLIQ GƏTİRİLDİ

20 May 2025 10:52 (UTC+04:00)

"İnanc hər bir insanın fitrətində, yəni yaradılışında var". Bu sözləri SİA-ya açıqlamasında Ffd, Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib.

O bildirib ki, insanın digər canlılardan əsas fərqi bundadır ki, insan düşünən canlıdır: "Varlığının anlamını sorğulayan başqa bir canlıda belə bir şey yoxdur. Bunu qəbul etməliyik ki, dünyaya gəlməkdə, cinsiyyətimizi, milliyətimizi, anamızı, atamızı və s. kimi xüsusları təyin etməkdə bizim rolumuz, iradəmiz yoxdur.

Dünyaya məruz qalırıq və dünyada fitrətimiz gərəyi məna axtarmağa başlayırıq. Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.

İnsan zəif, əskik varlıq olduğuna görə hər zaman üstün bir varlıq arayışı içində olur. Hər kəsdə bu var. Buradan hərəkətlə insanlarda yaradıcını axtarma, ona sığınma meyilləri başlayır. Beləliklə, inanc meydana gəlir. İnsan ağlı ilə də düşünməklə kainatdakı nizamı, mükəmməlliyi görür. Bunun öz-özünə olmadığını, üstün bir gücün bunu yaratdığı nəticəsinə gəlir və bunun da Allah olduğu qənaətinə gəlir, nəticədə təslim olur. Bir çox şübhədən inancla qurtulmuş olur. İnanc hər zaman var və var olacaqdır".