“Türkiyə, Rusiya ilə Ukrayna arasında üç il yarım davam edən müharibənin sona çatdırılması üçün çalışan əsas ölkələrdən biridir. Müharibənin başlanğıcından etibarən Türkiyə bu qarşıdurmanın dayandırılması üçün ciddi səylər göstərmişdir.” Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, 2022-ci ildə İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərini bir araya gətirmişdir:
“Görüşlər nəticəsində tərəflər demək olar ki, razılaşma mərhələsinə gəlmişdi, lakin naməlum səbəblərdən bu danışıqlar nəticəsiz qalmışdır. Həmçinin xatırlanır ki, Türkiyə münaqişənin dayandırılması istiqamətində Antalya Diplomatiya Forumunda hər iki ölkənin xarici işlər nazirlərini bir araya gətirmişdir.”
Türkiyə, həm tarixi, həm də coğrafi baxımdan sıx münasibətlərə malik olduğu və dənizdən qonşu olan Rusiya və Ukrayna arasında münaqişə dövründə balanslı və neytral siyasət yürütmüşdür. Bu müddət ərzində Türkiyə heç bir tərəfin mövqeyini açıq şəkildə dəstəkləməmiş, əksinə, dialoq və sülhün bərqərar olması üçün vasitəçilik funksiyasını həyata keçirmişdir. Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Türkiyə bu cür iqtisadi və siyasi məhdudiyyətlərə qoşulmamışdır.
Sabiq səfir qeyd edir ki, Türkiyə, həmçinin Qara dəniz vasitəsilə taxıl ixracını təmin edən “Taxıl Sazişi”nin həyata keçirilməsində əsas rolu oynamış və saziş çərçivəsində gəmilərin İstanbul boğazından təhlükəsiz keçidini təmin edən yeganə ölkə olmuşdur:
“Eyni zamanda, Montrö Müqaviləsinə əsaslanaraq Rusiyaya məxsus hərbi gəmilərin boğazdan keçidinə icazə verməmişdir. Bu siyasət, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” (Yurdda barış, dünyada barış) prinsipinə əsaslanaraq formalaşmışdır.”
Türkiyə bu çərçivədə regional məsələlərdə vasitəçi, istiqamətverici və dialoqu təşviq edən ölkə kimi çıxış edir. Bu görüşlərin səmərəli və məhsuldar keçməsi üçün Türkiyə bütün imkanlarını səfərbər edir.
“Müharibənin qalibi olmaz, sülhün qalibi olar” şüarı ilə hərəkət edən Türkiyə, bölgədə davamlı sülhün təmin edilməsinə töhfə verməyə davam edir.
“Ümid edirik ki, görüşlər uğurla nəticələnəcək və regionda sülhün bərqərar olması üçün yeni bir mərhələ başlayacaq. Bütün diqqətlər bu müzakirələrə yönəlmişdir,” – deyə o əlavə edib.