Türkiyə Maarif Vəqfi mətbuat konfransı keçirib... - YENİLƏNİB/ FOTOLAR

19 May 2025 19:54 (UTC+04:00)

Bakı – Türkiyə Maarif Vəqfi (TMV) tərəfindən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda təşkil olunan mətbuat konfransı uğurla başa çatıb.

SİA xəbər verir ki, tədbir zamanı TMV-nin quruluşundan bu günə qədərki fəaliyyət istiqamətləri, xüsusilə Azərbaycan və Türk dünyasında həyata keçirilən təhsil layihələri, tədris proqramları və gələcək perspektivlər ətraflı şəkildə təqdim olunub.

Mətbuat konfransında TMV İdarə Heyətinin üzvü Prof. Dr. Mehmet Özkan, Asiya və Sakit Okean ölkələri üzrə məsul departament rəhbəri Salih Sağır və TMV-nin Azərbaycan üzrə təmsilçisi Dr. Serdar Gündoğan çıxış ediblər. Onlar Vəqfin Azərbaycandakı təhsil sahəsindəki fəaliyyəti, beynəlxalq standartlara uyğun tədris proqramları və planlaşdırılan yeni təşəbbüslər haqqında məlumat veriblər. Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin üzvü Mehmet Özkan deyib ki, 2022-ci ildən Türkiyə Maarif Vəqfinin təhsil müəssisələri Azərbaycanda da fəaliyyət göstərir. Hazırda ölkədə iki məktəb mövcuddur. Təxminən 1000 şagirdlik tutumumuz var və hazırda bu tutumun 50 faizi doludur. Gəncə şəhərində də bu məktəbdən açılması planlaşdırılır və artıq bu istiqamətdə ilkin addımlar atılır.

Onun sözlərinə görə, Türkiyə Maarif Vəqfi hazırda 55 ölkədə fəaliyyət göstərir, ümumilikdə 485 məktəbdə 70 mindən çox şagird təhsil alır: “Türk dünyasına xüsusi önəm verən vəqf Qırğızıstanda artıq məktəblər açıb və yaxın gələcəkdə Qazaxıstanda bu istiqamətdə addımlar atmağı planlaşdırır. Genişlənmə prosesi digər ölkələrdə də davam edir. Lakin Maarif Vəqfi üçün Azərbaycan öncül mövqedədir. Burada fəaliyyət göstərən məktəblərin genişləndirilməsi və digər şəhərlərdə də yayılması istiqamətində ciddi səylər göstərilir”.

O bildirib ki, Türkiyə Maarif Vəqfi xüsusən Türk dünyası ilə qardaşlıq əlaqələrinin, sosial bağların möhkəmləndirilməsi, ortaq mədəniyyətin və dəyərlərin paylaşılması, gələcək nəsillərin bir-birini tanıması üçün çalışır: “Təhsildə qurulan əməkdaşlıqları uzunmüddətli və davamlı investisiya kimi qiymətləndiririk. Bu əməkdaşlığın gələcəkdə Türkiyə ilə Türk dünyası arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə inanırıq”.

Mehmet Özkan qeyd edib, vəqfin Bakıda fəaliyyət göstərən məktəbləri strateji əhəmiyyət daşıyır və bu məktəblərin daha da genişləndirilməsi istiqamətində işlər aparılır: “Maarif Vəqfi yalnız Azərbaycanda deyil, Cənubi Afrikadan Almaniyaya, Avstraliyadan Amerikaya qədər bir çox ölkədə fəaliyyət göstərir. Eyni zamanda, Qırğızıstan və Albaniyada iki universitet fəaliyyət göstərir. Vəqf əsasən məktəbəqədər təhsildən lisey səviyyəsinə qədər məktəblər açır, lakin ali təhsil istiqamətində də fəaliyyət göstərir.

Maarif məktəblərinin məzunları Türkiyədə ali təhsil almaq üçün geniş imkanlara malikdirlər. Onlar Türkiyədəki liseylərdən məzun olmuş kimi tanınır və təhsil uyğunluğu təmin olunur. Eyni zamanda, dövlət universitetlərinə qəbul olan Maarif məktəbi məzunları təhsil haqqı ödəmədən oxumaq imkanı əldə edirlər”.

“Türkiyə Cümhuriyyəti adından fəaliyyət göstərən rəsmi bir qurum olaraq, Maarif Vəqfi dövlət tərəfindən qanunla təsis edilmiş ictimai fond statusuna malikdir və əsas məqsədimiz təhsildə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir,” – deyə Mehmet Özkan vurğulayıb.

Bununla yanaşı tədbirdə TMV-nin Türk dünyası ilə əməkdaşlıq strategiyası və bu istiqamətdə atdığı addımlar da əsas müzakirə mövzularından biri olub.

2016-cı ildə yaradılan Türkiyə Maarif Vəqfi bu günə qədər 55 ölkədə təhsil sahəsində genişmiqyaslı layihələr həyata keçirir. Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir təhsil metodologiyalarını tətbiq edən Vəqf, yerli və beynəlxalq şagirdlərə yüksək keyfiyyətli təhsil imkanları təqdim edir.

Konfransdan sonra media nümayəndələri Gənclik Kampusunu ziyarət edərək məktəbin müasir infrastrukturu və tədris mühiti ilə tanış olublar.