"Bu il Milli mətbuatımızın 150 illiyi qeyd olunur. Bununla bağlı cənab Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. Sərəncam, ölkə rəhbərinin mətbuata verdiyi yüksək dəyərin bariz nümunəsidir. Artıq bu münasibətlə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. 22 iyul tarixində isə milli mətbuatımızın 150 illiyi təntənəli şəkildə qeyd olunacaq". Bu sözləri SİA-ya açıqlamasında "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev deyib.
O bildirib ki, bu illər ərzində Azərbaycan mətbuatı böyük bir inkişaf yolu keçib: "Bu inkişafın təməli isə Ümummilli liderimiz Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı verdiyi tarixi qərarla qoyulub. Həmin qərardan sonra ölkəmizdə mətbuatın inkişafında ciddi irəliləyişlər müşahidə olunub. Jurnalistlərin vergidən azad olunması, onlara güzəştli ipoteka kreditləri verilməsi və ümumilikdə media nümayəndələrinə göstərilən dövlət qayğısı bu inkişafın bariz göstəricilərindəndir.
Son illərdə "Media haqqında" yeni qanun qəbul edilib ki, bu da mətbuatın yeni dövrə, yeni çağırışlara uyğun inkişafını təmin edən strateji addımdır. Qanunvericilik də bu istiqamətdə müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Hazırda mətbuatımız daha güclü olmalı və müasir çağırışlara cavab verməyə hazır vəziyyətdə fəaliyyət göstərməlidir. Bu çağırışlar sırasında süni intellektin mediada geniş tətbiqi, sosial şəbəkələrdə yayılan məlumatların bolluğu və dezinformasiyanın yayılması da var. Bu baxımdan jurnalistlər və media orqanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar yanlış və saxta məlumatlarla mübarizə aparmalı, cəmiyyətə yalnız dəqiq və təsdiqlənmiş informasiya çatdırmalıdır.
Bunun üçün peşəkar redaktorlar və müxbirlər yetişdirilməlidir. Bu gün biz mətbuatımızın nüfuzunu beynəlxalq medianın Azərbaycan mənbələrinə istinadlarında da müşahidə edə bilirik. Media orqanları cənab Prezidentin bütün rəsmi səfərlərini izləyir, görüşlərdə iştirak edir və bu barədə operativ, dəqiq və əhatəli məlumatların təqdim olunmasına şərait yaradılır. Bu da diqqətəlayiq məqamlardandır.
Digər tərəfdən, medianın savadlılığının artırılması istiqamətində Medianın İnkişaf Agentliyi də mühüm işlər görür. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdən hazırlanan geniş reportajlar mətbuatımızın imkanlarının artdığını göstərir. Bu, uzun müddət gözlənilən və ictimaiyyət üçün əhəmiyyətli olan materiallardır. Artıq media nümayəndələri bu bölgələrə rahatlıqla səfər edə bilir və oradan dolğun reportajlar hazırlayaraq ictimaiyyətə təqdim edirlər".
"Jurnalistlərimiz Vətən müharibəsi zamanı ordumuzun şücaətini, qəhrəmanlığını bütün reportajlarında əks etdiriblər. Hətta aramızda şəhidlər də olub. Buna nümunə olaraq Sirac Abışov və Məhərrəm İbrahimovu göstərmək olar. Onlar 2021-ci il 4 iyun tarixində minaya düşərək şəhid olublar.
İstənilən halda son dövrlərdə Prezidentin, dövlətimizin böyük dəstəyinə görə mətbuatımız kifayət qədər inkişaf edib. Düşünürəm ki, yeni dövrün çağırışlarına tam hazırdır. Sadəcə bizim özümüzə düşən vəzifə yaradılan imkanlardan istifadə edib ölkəmizdə baş verən prosesləri geniş ictimaiyyətə, həm ölkə daxilində, həm də xaricdə olan oxucularımıza dolğun, düzgün çatdıraq. Bununla da biz faktiki olaraq hansısa xarici, digər dairələrin yaydığı dezinformasiyasının qarşısını almış olarıq" - deyə o, əlavə edib..