Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq. Bu barədə SİA-ya Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
2025-ci ilin 25-31 avqustunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçumuz reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb. Kişi badmintonçuların şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadın badmintonçuların şəxsi yarışında Keişa Fatimə Zəhra, Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu qoşası və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi dünya çempionatında təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçularımızın Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.