...Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin İstanbulda Moskva və Kiyev arasında aparılan danışıqların nəticələrini müzakirə etdiyi bildirilir.
...Rubio hərbi əsirlərin mübadiləsi və hər bir tərəfin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərə baxışı hazırlaması haqqında razılaşmaları alqışlayıb, - bəyanatda vurğulanır.
Bundan əlavə, amerikalı diplomat Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yardım etməyə davam etməyə hazır olduğuna inandırıb.
Lavrov da öz növbəsində İstanbul danışıqlarının bərpasında ABŞ-ın müsbət rolunu qeyd edib.
Bundan əlavə, həmsöhbətlər Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əvvəl İstanbulda aparılan danışıqların nəticələri Rusiya üçün taktiki uğur adlandırılırdı.
Bu fikri Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.
Əli Babayev