"Azərbaycan xarici siyasətində balanslaşdırılmış bir xətt yeridir. Bu siyasət həm şimalla, həm cənubla, həm qərblə, həm də şərqlə münasibətlərdə özünü göstərir. Ümumilikdə isə Azərbaycan milli və dövlət maraqlarını nəzərə alaraq bütün sahələrdə balanslaşdırılmış kurs həyata keçirir. Xüsusilə də Avropa ilə iqtisadi sahədə əməkdaşlıq mövcuddur. Azərbaycanın Avropada ona yaxın dövlətlərlə enerji təhlükəsizliyi sahəsində bir sıra müqavilələri var. Bu sahədə işlər sürətlə inkişaf edir. İqtisadiyyatla siyasət bir-biri ilə sıx bağlıdır. Yəni bu iki prinsip bir-birini tamamlamalıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə öz maraqlarını uzlaşdırır və balanslaşdırılmış siyasət həyata keçirir: "Bu baxımdan, Albaniyada keçirilən siyasi toplantıda Azərbaycanın iştirakı vacib məsələdir. Çünki Azərbaycan, dövlət və milli maraqlarını nəzərə alaraq, öz reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindədir.
Toplantı çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli görüşlər keçirilir. Bizim üçün də əhəmiyyətli görüşlər baş tutdu – Azərbaycanın bir sıra dövlətlərin baş naziri və hökumət rəhbərləri ilə görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın maraqlarını beynəlxalq aləmdə ifadə etmək və mövqeyini nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır".
Politoloq qeyd edir ki, Avropa İttifaqının bəzi üzv dövlətləri Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir: "Belə şəraitdə, həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin keçirilməsi Azərbaycanın reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq və Avropada formalaşan qərəzli yanaşmalara qarşı əks-fikir yaratmaq baxımından vacibdir. Avropa təkcə Fransa və ya Almaniyadan ibarət deyil. Avropada Azərbaycanla dostluq münasibətlərinə malik kifayət qədər ölkə mövcuddur. Dostlarımızın sayı nə qədər çox olarsa, maraqlarımızın müdafiəsi də bir o qədər güclü olar. Çünki belə platformalarda bəzən Azərbaycana qarşı açıq və ya dolayı yolla qərəzli münasibət sərgilənir. Məhz buna görə, həmin arenalarda dost ölkələrin dəstəyi olduqca vacibdir.
Bu baxımdan, beynəlxalq toplantılarda iştirak etmək və qlobal proseslərə Azərbaycanın baxışını təqdim etmək mühüm əhəmiyyət daşıyır. Azərbaycan dünyada sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin bərqərar olmasında maraqlıdır. Dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüquq prinsiplərinə sadiq qalır və onları dəstəkləyir. Bu baxımdan, Azərbaycan beynəlxalq toplantılarda fəal iştirak etməklə öz mövqeyini və prinsipial yanaşmasını nümayiş etdirir. Hesab edirəm ki, bu yanaşma ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və onun uğurlu həyata keçirilməsinə xidmət edir" - deyə o əlavə edib.