Dövlət qulluqçularının reyestrinin aparılmasının hüquqi və təşkilati əsasları müəyyən edilib

17 May 2025 13:24 (UTC+04:00)

Dövlət qulluqçularının reyestrinin aparılmasının hüquqi və təşkilati əsasları müəyyən edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Reyestr dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.

“Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən publik hüquqi şəxsin dövlət qulluqçusuna bərabər tutulan əməkdaşları haqqında məlumatlar bu Qaydaya uyğun olaraq Reyestrə daxil edilir.

Sənəddə qeyd edilib ki, Reyestr Azərbaycan Prezidentinin Administrasiyası və Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən elektron qaydada “Dövlət qulluqçularının reyestri” informasiya ehtiyatı üzərindən aparılır.

Reyestrin aparılmasına nəzarət Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən həyata keçirilir.