Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı sərgi keçirilib

17 May 2025 06:49 (UTC+04:00)

Milli Azərbaycan Tarixi Muzeyində “Tarixdə fotoqrafın imzası” adlı sərgi keçirilib. SİA xəbər verir ki, sərgidə 1940-cı illərə aid fotoqrafların imzaları olan paspartu nümayiş etdirilib.

Sərgidə 1880-1910-cu illərdə Gəncədə fəaliyyət göstərən fotoqraf M.A.Abbasovun nadir əsərlər kolleksiyasına xüsusi diqqət yetirilib. Onun orijinal fotoşəkilləri və paspartu ilk dəfə ictimaiyyətə təqdim edilib.

Bütün eksponatlar orijinaldır və Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı sərgidə nümayiş etdirilən fotoşəkillərin çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Burada unikal fotoşəkillər sərgilənir və ola bilsin ki, hətta kolleksiyamızdakı olan materiallar da bu dəyərli irsin yalnız kiçik bir hissəsini təşkil edir. Təsəvvür edin bu fotoşəkillər neçə il əvvəl çəkilib və onların tarixin yaddaşında saxlanması və bu gün bizə o uzaq dövrlərə toxunmağa imkan verməsi nə qədər vacibdir. Onların dəyəri çox böyükdür - həm tarixi yaddaş, həm də o, fotoqrafların yaşadığı və yaratdığı dövrün əks etdirilməsi baxımından”, - deyə o bildirib.

Onun sözlərinə görə, muzeyin fondunda yüzlərlə, bəlkə də minlərlə bu cür materiallar var. O, bu xüsusi sərginin hazırlanmasında və təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sərginin kuratoru, Azərbaycan Fotoqraflar İttifaqının təsisçisi Mirnaib Həsənoğlu vurğulayıb ki, hər bir eksponat sadəcə bir kadr deyil, zamanın obrazıdır.

“Bunlar sadəcə fotoşəkillər deyil, tarixdə iz qoymuş şəxsiyyətlərdir”, - deyə o qeyd edib.

Azərbaycan fotoqraflarının əsərləri ilə yanaşı, xarici ustaların fotoşəkilləri də təqdim olunub, onların imzaları və paspartu mühüm məlumatları ehtiva edir və tarixi yaddaşın mühüm mənbələri kimi çıxış edir.

Fotosərgidə görkəmli Bakı neft sənayeçisi Musa Nağıyevin fotosu da nümayiş etdirilib. Qeyd edək ki, qonaqlar arasında Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva da olub.

Sərgidə 68 orijinal fotoşəkil nümayiş olunub.

Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqraflar İttifaqının təşkilatçılığı ilə keçirilib.