Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib

16 May 2025 20:10 (UTC+04:00)

Mayın 14-16-da Türküstan (Qazaxıstan) şəhərində “Yəsəvi irsi dövrlər və mədəniyyətlər dialoqunda: humanist dəyərlər və müasir çağırışlar” başlıqlı Beynəlxalq Simpozium keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova simpoziumda iştirak edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, simpoziumun açılışında çıxış edən Aktotı Raimkulova Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və böyük mütəfəkkir Xoca Əhməd Yəsəvi irsinin bu gün də mənəvi dəyərlər üçün bir kompas rolunu oynadığını qeyd edib.

O, Türk Mədəniyyəti və İrsi Fondunun türk millətinin dəyərlərinin qorunması və tanıdılması məqsədi daşıyan əsas təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər arasında abidələrin bərpası üzrə layihələr, rəqəmsal kataloqun və beynəlxalq “TurkicHeritage” platformasının yaradılması, Türk Mədəniyyəti Mərkəzlərinin türk ölkələrinin aparıcı universitetlərində və bu hüdudlardan kənarda açılması, habelə türk dastanlarının və ənənəvi sənət növlərinin UNESCO-nun siyahılarına salınması üzrə təşəbbüslər yer alır.

Fondun prezidenti çıxışında xüsusilə Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərinin Azərbaycan dilinə tərcüməsinə diqqət yetirib. O, bu təşəbbüsü Yəsəvi irsinin türk xalqları arasında yayılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirib.

Tədbir Yəsəvi irsi və ümumtürk fəlsəfəsi prizmasından müasir çağırışların elmi və mənəvi kontekstlərdə müzakirəsi üçün əhəmiyyətli bir platforma olub.

Simpoziumun açılış mərasimində Qazaxıstanın Dövlət müşaviri Erlan Karin, mədəniyyət və informasiya naziri Aida Balaeva, elm və ali təhsil naziri və plenar iclasın moderatoru Sayasat Nurbek, Türküstan vilayətinin Qubernatoru Nuralxan Kuşerov, ABŞ-ın İndiana Universitetinin professoru Devin De Vis, Türkiyənin Ankara Universitetinin professoru Ali Rafet Özkan nitq söyləyiblər.

Plenar iclasda və sonrakı bölmələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Tacikistan, İran, Yaponiya, Almaniya, Hindistan, Rusiya, İtaliya, Çin və ABŞ-dan gəlmiş tanınmış alimlər, mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.