"O dövrdə belə bir addım atmaq heç də asan deyildi" - EKSPERT ŞƏRH ETDİ

16 May 2025 14:48 (UTC+04:00)

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixinə qırmızı hərflərlə yazılmışdır. Bu, təkcə müstəqilliyin elan edilməsi deyil, eyni zamanda xalqımızın şərəf və qəhrəmanlıqla yazdığı bir tarix səhifəsi idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Onun sözlərinə görə, o dövrdə belə bir addım atmaq heç də asan deyildi, lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini bəyan etdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət bütün çətinliklərlə cəsarətlə üzləşdi və azad bir dövlət qurmaq məsuliyyətini öz üzərinə götürdü: "Bu çətin, lakin şanlı və tarixi vəzifə böyük uğurla yerinə yetirildi. Azərbaycan hökumətinin və parlamentinin formalaşdırılması, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, milli bayraq və bayraqdarlığın yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi və paralel olaraq milli ordunun qurulması – bütün bunlar Azərbaycan xalqının qətiyyəti və cəsarətinin bariz nümunəsi idi. Müstəqilliyin əldə olunmasından sonra atılan mühüm addımlardan biri də Azərbaycanda ilk universitetin yaradılması idi. Bu universitet təhsilimizin milliləşdirilməsində və onun inkişafında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanda yaşayan bütün insanların bərabərliyi prinsiplərinə əsaslanan qərarlar qəbul etdi və bununla da milli, dini və sosial ayrı-seçkiliyi aradan qaldırdı. Bu addımlar ölkəmizdə yaşayan müxtəlif xalqların birlik, sülh və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması həm də dövlətçiliyimizin formalaşması baxımından böyük əhəmiyyət kəsb edirdi. Bu, ölkəmizin beynəlxalq hüququn subyekti kimi tanınması yolunda mühüm addım oldu və 1920-ci ildə Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsinə baxmayaraq, onun bir dövlət kimi siyasi varlığının tamamilə məhv olunmasının qarşısını aldı. Aradan 70 il keçdikdən sonra, 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyinə qovuşdu və tarixində ikinci dəfə olaraq öz suverenliyini bərpa etdi.

İmperialist qüvvələr Azərbaycanın müstəqilliyini qəbul edə bilmədikləri və onu məğlub etməyə çalışdıqları üçün öz təsirləri altında olan qüvvələr vasitəsilə ölkəmizə qarşı terror aktları törətmişlər. Bildiyimiz kimi, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı və bu işğalın 30 il ərzində davam etməsi ölkəmizin sabitliyi və suverenliyi üçün ciddi təhdid yaratmışdır. Ulu öndərlərimizin də söylədiyi kimi, müstəqillik qazanmaq çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu baxımdan, müstəqilliyimizin bərpasından sonra Azərbaycanın suverenliyinin qorunmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu gün isə onun siyasi kursunun davamçısı, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan İkinci Qarabağ müharibəsində və sonrakı antiterror tədbirləri zamanı ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Artıq ikinci ildir ki, Azərbaycan öz müstəqilliyini və suverenliyini uğurla qoruyub saxlayır. Şübhəsiz ki, bu hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir".