Ötən il Azərbaycanda 18 mindən çox tibb işçisi sertifikasiya imtahanı verib. SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deyib.
Nazir xatırladıb ki, 2009-cu il tarixli Prezident Fərmanının icrası çərçivəsində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislər 5 ildə bir dəfə sertifikasiyaya cəlb olunur.
O bildirib ki, ötən il 18 min 502 tibb işçisi sertifikasiya imtahanında iştirak edib:
“Bu ilin əvvəlinə ölkədə ümumilikdə 92 min 896 tibb işçisi fəaliyyət göstərir. Onlardan 35 min 233 nəfəri həkim, 57 min 663 nəfəri isə orta tibb işçiləridir. İlin ilk dörd ayında isə 5 min 498 nəfər imtahanlara qatılıb və onların 91%-i ilk cəhddə müvəffəqiyyət qazanıb. Birinci cəhddə uğursuz olanların 95%-i ikinci imtahandan uğurla keçib”.