Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login”ə inteqrasiya edilib. SİA bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.
İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.
Məlumata əsasən, inteqrasiyanın əsas üstünlüklərinə sadə və sürətli giriş – təkrar qeydiyyat zərurətinin aradan qalxması, təhlükəsizliyin artırılması – dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələrinin istifadə olunması, vaxta qənaət – müraciət və sorğuların təqdimat prosesinin sürətləndirilməsi, dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanın yaranması daxildir.
Qeyd edək ki, layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verir. Eyni zamanda, bu yenilik “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha genişləndirilməsinə imkan yaradır.
Xatırladaq ki, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir. Portal vətəndaşların müraciət və digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək.
ADY həmçinin rəqəmsallaşma strategiyasına uyğun olaraq, kağız sənəd dövriyyəsinin azaldılması, kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirməyə davam edəcək. Bura bilet satışından tutmuş yük daşımalarının izlənməsinə, təhlükəsizlik sistemlərindən real vaxtda məlumat mübadiləsinə qədər bir çox proses daxildir.
Bu baxımdan rəqəmsallaşma ADY-nin yalnız texnoloji yenilənməsinə deyil, eyni zamanda, biznes modelinin transformasiyasına, müştəri yönümlü yanaşmanın formalaşmasına və qlobal dəmir yolu şəbəkələri ilə inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Bu proses dəmir yolunun rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkənin nəqliyyat-logistika potensialının da güclənməsinə zəmin yaradır.